(2006-ci ilin yanvar-mart aylarında gəlir və xərclər barədə açıqlama)
Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2006-cı ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 221,4 milyon manat, büdcə xərcləri isə 168,7 milyon manat təşkil etmişdir.
Ötən üç ay ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 209,9 milyon manat, o cümlədən mənfəət neftinin satışından 207,3 milyon manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 2,6 milyon manat gəlir əldə edilmişdir. Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 11,5 milyon manata bərabər olmuşdur.
Hesabat dövrü ərzində ərzində Neft Fondunun 2006-cı il büdcəsinin icrası çərçivəsində 21,2 milyon manat qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə, 21,7 milyon manat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyəşdirilməsinə yönəldilmiş, 125,0 milyon manat isə dövlət büdcəsinə transfer edilmişdir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin cəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə müvafiq olaraq 0,1 milyon manat və 0,5 milyon manat vəsait ödənilmişdir. 2006-cı ilin birinci rübündə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 0,2 milyon manat olmuşdur.
Ötən dövr ərzində Neft Fondunun büdcədənkənar xərcləri və ödənişləri, o cümlədən Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri 3,0 milyon manat təşkil etmişdir.
2006-cı il mart ayının 31-ə Fondun aktivləri 1 330,2 milyon manata (təqribən 1 464 milyon ABŞ dolları) bərabər olmuşdur.