Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2007-ci il avqustun 16-da Bakıda səfərdə olan ABŞ Dövlət katibinin İqtisadi və biznes məsələlərinə dair müşaviri, İqtisadi əməkdaşlıq üzrə ABŞ-Azərbaycan hökümətlərarası komissiyasının həmsədri Deniel Sallivanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, maliyyələşdirdiyi layihələr, Fondun vəsaitlərinin idarə olunması və xarici maliyyə bazarlarında yerləşdirilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu və Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi barədə qonaqlara məlumat vermişdir.
D. Sallivan Dövlət Neft Fondunun "Dövlət qulluğunda şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması" kateqoriyası üzrə 2007-ci il üçün nüfuzlu "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülməsi münasibətilə Ş. Mövsümovu təbrik etmiş və Fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirdiyini qeyd etmişdir.