(2007-ci ilin yanvar-iyun aylarında gəlir və xərclər barədə açıqlama)
Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2007-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 832,7 milyon manat, büdcə xərcləri isə 436,9 milyon manat təşkil etmişdir.
2007-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 802 milyon manat, o cümlədən mənfəət neftinin satışından 748,7 milyon manat, akrhesabı ödənişlərdən 0,8 milyon manat, bonus ödənişlərindən 35,1 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,9 milyon manat, Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən isə 16,5 milyon manat təşkil etmişdir.
Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 30,7 milyon manata bərabər olmuşdur.
Hesabat dövrü ərzində Neft Fondunun 2007-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 19,4 milyon manat və 29,9 milyon manat vəsait ayrılmışdır. Fondun 224,5 milyon manat vəsaiti dövlət büdcəsinə transfer edilmişdir. Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə layihədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi ilə əlaqədar olaraq 87,6 milyon manat vəsait ödənilmişdir. 2007-ci ilin ilk 6 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 1,6 milyon manat olmuşdur.
Ötən 6 ay ərzində Neft Fondunun büdcədənkənar xərcləri Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı olmuş və 16,5 milyon manat təşkil etmişdir.
2007-ci il iyulun 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 29,9 % artaraq 1646,7 mln. manata (1924, 2 milyon ABŞ dolları) bərabər olmuşdur.