2007-ci il fevralın 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə Overture Financial Services şirkəti arasında ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (TİA) tərəfindən maliyyələşdirilən Neft Fondunun İnstitusional Quruculuğunun Təkmilləşdirilməsi layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi haqqında saziş imzalanmışdır.
Sazişi ARDNF tərəfindən İcraçı Direktor Şahmar Mövsümov, Overture Financial Services şirkəti tərəfindən Idarəedici Direktor Samir Kabbaj imzalamışlar. İmzalanma mərasimində TİA-nin Avrasiya üzrə Regional Direktoru Daniel Stayn, ABŞ-in Azərbaycandakı səfiri Ann Ders və digər şəxslər iştirak etmişlər.
ARDNF-nin institusional quruculuğunun təkmilləşdirilməsi layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi üçün 855 075 ABŞ dolları məbləğində ?Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi və Azərbaycan Respublikası Dövlət Neft Fondu arasında Dövlət Neft Fondunun İnstitusional İnkişafı Layihəsi üzrə II fazanın texniki yardımı üçün mallar və xidmətlərin dəyərinin maliyyələşdiriməsinə dair Qrant Sazişi ? 2007-ci il fervalın 7-də Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının birinci iclası çərçivəsində imzalanmışdır.
Layihənin ikinci mərhələsində mühasibatlıq sisteminin təkmilləşdirilməsini, investisiya portfelinin idarə olunmasını və gəlirliliyinin qiymətləndirilməsini, və risklərin qiymətləndirilməsi sistemlərinin qurulmasını həyata keçirən şirkətin/sistemin seçilməsi üçün Neft Fonduna məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Fondun institusional quruculuğunun təkmilləşdirilməsi məqsədilə 2004-cü il mayın 19-da imzalanmış sazişə uyğun olaraq Overture Financial Services şirkəti tərəfindən həyata keçirilən layihənin 1-ci mərhələsi 2006-cı ilin avqust ayında başa çatıb.