Azərbaycan Respublikasının Dövlət Neft Fondu "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə 2007-ci il üçün "BMT-nin Dövlət Qulluğu Mükafatı"na (UN Public Service Award) layiq görülmüşdür.
Dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat hesab olunan "BMT-nin Dövlət Qulluğu Mükafatı" dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin ölkələrin inkişafına verdiyi töhvənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub. BMT Baş Assambleyasının 2003-cü il martın 7-də təsdiq etdiyi Qətnaməyə müvafiq olaraq hər il iyunun 23-ü BMT Dövlət Qulluğu Günü kimi qeyd olunur. Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən birinci dövlət qurumudur və Azərbaycanı mükafat uğrunda mübarizədə Qərbi Asiya regionu çərçivəsində təmsil edib.
Milli liderimiz Heydər Əliyevin uzaqgörən neft strategiyasına uyğun olaraq yaratdığı Dövlət Neft Fondu fəaliyyət göstərdiyi 7 il ərzində neft gəlirlərinin şəffaf idarə olunmasında mühüm rol oynayıb. Fondun layiq görüldüyü bu mükafata gedən yol Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə qoşulmasından başlayır. Bu gün Azərbaycan artıq dünyada Şəffaflıq Təşəbbüsünü tətbiq edən ilk və lider ölkə kimi tanınır. Bu fəaliyyətin nəticəsi olaraq Dövlət Neft Fondu dünyanın bir çox ölkələrinin dövlət qurumları ilə yarışa girərək, Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsinə görə beynəlxalq nüfuzlu mükafata layiq görülüb.
BMT-nin mükafatı müəyyən olunarkən Neft Fondunun təqdim etdiyi təsdiqedici sənədlər, o cümlədən Fond haqqında dünya liderlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin fikir və tövsiyyələri nəzərə alınıb. Neft Fondu dünyanın demək olar ki, bütün dünya ölkələrinin qatıldığı bir mübarizənin qalibidir və bu mübarizədə yalnız üç kateqoriya üzrə yalnız bir region ölkəsi qalib seçilir. Bu mükafat Azərbaycanın Neft Fondunun şəffaf bir qurum olmasının və bu faktın beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
BMT-nin Dövlət İdarəçiliyi və İnkişaf İdarəetməsi bölməsinin Direktoru Guido Bertucci tərəfindən Neft Fonduna ünvanlanmış rəsmi məktubda deyilir: "Təşkilatınızın "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə 2007-ci il üçün "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülməsi münasibətilə Sizi təbrik edirəm. Sizin bu möhtəşəm uğurunuz dövlət maraqlarına xidmət etməkdə əla nəticələr göstərməyinizlə bağlıdır və əminik ki, bu sizin ölkənizdə dövlət idarəçiliyinin inkişafına mühüm töhvə olmuşdur. Bu həm də digər dövlət qurumlarını bu cür uğurlara ruhlandıran amil olacaqdır".
"BMT-nin Dövlət Qulluğu Mükafatı"nın nüfuzu hər il daha da artdığından 2007-ci il üçün mükafat uğrunda mübarizəyə dünyanın demək olar ki, bütün ölkələri qoşulub. Bu il mükafat Avropa və Şimali Amerika, Latın Amerikası, Afrika, Asiya və Sakit Okean, Qərbi Asiya regionlarını əhatə edən ölkələr arasından seçilmiş qaliblərə "Dövlət qulluğunda şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması", "Dövlət qurumunun fəaliyyətində inkişaf", "İnnovativ mexanizmlər vasitəsilə müxtəlif siyasətləri (İKT-nin tətbiqi, idarəedicilərin iştirakı ilə büdcələşdirmə metodları, sosial audit və monitorinq) müəyyənləşdirən qərarların verilməsində iştirak" kateqoriyaları üzrə təqdim olunacaq. 2007-ci il üçün mükafata 14 ölkənin - Avstriya, İsveçrə, Kanada, Avstraliya, Sinqapur, Hindistan, Keniya, Mərakeş, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Çili, Cənubi Afrikanın dövlət təşkilatları layiq görülüb.
2007-ci il üçün "BMT-nin Dövlət Qulluğu Mükafatı"nın təqdimetmə mərasimi BMT-nin Vyanadakı qərargahında iyunun 26-29-da "Hökumətin Yenidən Qiymətləndirilməsi" ("Hökumət İslahatları") mövzusunda 7-ci Qlobal Forum çərçivəsində keçiriləcək. Mükafatları BMT-nin Baş Katibinin təqdim edəcəyi və mərasimdə 12 dövlət başçısının iştirakı gözlənilir.