oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun fəaliyyətində şəffaflığın təmin edilməsi “Xəzər neft və qaz-2007” konfransında müzakirə edilmişdir

08 Jun 2007 07:18:00

Dövlət Neft Fondunun fəaliyyətində şəffaflığın təmin edilməsi “Xəzər neft və qaz-2007” konfransında müzakirə edilmişdir

08 Jun 2007 07:18:00

2007-ci il iyunun 5-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Xəzər neft, qaz, neftayırma və neft kimyası-2007" XIV beynəlxalq sərgi və konfransının açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söyləyərək ölkə iqtisadiyyatının nailiyyətləri haqqında danışmışdır. O, Dövlət Neft Fondunun dünya miqyasında şəffaf qurum kimi qiymətləndirərək demişdir: "Təsadüfi deyil ki, bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Dövlət Neft Fondunu məhz şəffaflığın təmin olunmasına görə mükafatla təltif edib".

Konfransda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Naziri Toni Bleyerin Azərbaycan Prezidentinə təbrik məktubu oxunub. Məktubda qeyd olunur ki, Azərbaycanda baş verən köklü dəyişikliklər qlobal enerji təhlükəsizliyinin dəstəklənməsində böyük əhəmiyyət daşıyır və həmin nailiyyətlərdən əldə olunan gəlirlərin müdrik və şəffaf şəkildə sərf edilməsi, Azərbaycan xalqı üçün çiçəklənən və davamlı gələcəyin təmin olunmasına xidmət edəcəkdir. T. Bleyerin məktubunda Dövlət Neft Fondunun birbaşa iştirakçısı olduğu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsi barədə deyilir: "Mən şadam ki, Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsündə aparıcı rolunu davam etdirir".

Konfransda iştirak etmək üçün Bakıda səfərdə olan ABŞ-nin ticarət nazirinin müavini David Sampson iyunun 4-də Bakıda Amerika-Azərbaycan Ticarət Palatasının (AmCham) təşkil etdiyi işgüzar naharda Neft Fondunun fəaliyyəti haqqında danışarkən demişdir: "Azərbaycan hökumətinin Dövlət Neft Fondunu yaratmaq yolu ilə enerji gəlirlərinin şəffaf idarə edilməsi və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündəki səyləri irəliyə atılmış müsbət addımlardır".

Xəbərlərə abunə ol