Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 2007-ci il iyunun 6-da "Citigroup"un Avropa regionu üzrə baş icraçı direktoru Uinfred Bişofun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ş. Mövsümov Dövlət Neft Fondunun yaradıldığı ilk gündən bəri fəaliyyətində şəffaflığı təmin edərək neft gəlirlərinin düzgün idarə olunmasına daircəmiyyətdə inam yaratdığını bildirmişdir. O, Fondun fəaliyyət istiqamətləri, maliyələşdirdiyi mühüm layihələr barədə qonaqlara məlumat vermişdir.
U. Bişof Dövlət Neft Fondunun "Dövlət qulluğunda şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması" kateqoriyası üzrə 2007-ci il üçün nüfuzlu "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülməsi münasibətilə Ş. Mövsümovu təbrik etmişdir. O, Fondun öz fəaliyyətinə dair müntəzəm hesabatlar çap etdirməsini yüksək qiymətləndirmiş və şəffaflığın təmin olunması üçün belə fəaliyyətin mühüm olduğu qeyd etmişdir.
Görüşdə Neft Fondunun fəaliyyətinə dair qonaqları maraqlandıran digər məsələlər də müzakirə edilmişdir.