"8-lər qrupu" (G8) və ya "Böyük səkkizlik" adı ilə tanınan beynəlxalq foruma daxil olan ölkələrin dövlət və hökumət başçılarının Almaniyanın Hayliqendamm şəhərində 2007-ci il iyunun 6-8-də keçirilən sammiti zamanı "Dünya iqtisadiyyatında inkişaf və məsuliyyət" adlı sənəd qəbul edilmişdir. Sənədin "Mineral ehtiyatlar üzrə məsuliyyət: şəffaflıq və dayanıqlı inkişaf" adlı hissəsinə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair bəyanat daxil edilmişdir. Bəyanatda qeyd olunur ki, hasilat sənayesinin istehsal etdiyi məhsul həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının dayanıqlı inkişafı üçün mühüm faktordur və bu sahədə şəffaflığın təmin olunması vacibdir. Sənəddə bildirilir ki, korrupsiyaya qarşı mübarizə aparmaq və ictimai resurların düzgün idarə olunmamasının qarşısını almaq üçün "Böyük səkkizlər" yaxşı idarə etməni və MHŞT kimi anti-korrpusiya təşəbbüslərini dəstəkləməkdə davam edəcək. "Biz Şəffaflıq Təşəbbüsünün güclənməsi üçün maliyyə, texniki və siyasi vasitələrlə davamlı yardım göstərməyi öhdəlik olaraq götürürük. Biz bütün maraqlı tərəfləri MHŞT-nin tətbiqinə dəstək verməyə çağırırıq" - bəyanatda deyilir.
"Böyük səkkizlər" MHŞT-ni həyata keçirən ölkələri və şirkətləri Təşəbbüsün tətbiqini davam etdirməyə və müvafiq hesabatlar açıqlamağa və digər ölkələri də Təşəbbüsün tətbiqində iştirak etməyə çağırır. Sənəddə Təşəbbüsün müxtəlif ölkələrdə tətbiqinin qiymətləndirilməsinə dair təşəbbüs irəli sürüldüyü bildirilir və bu prosesin icrasına təxirəsalınmadan başlamağın və qiymətləndirmə metodologiyasını inkişaf etdirməyin vacibliyi vurğulanır.
Dünyanın ən nüfuzlu dövlətləri (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Kanada və Rusiya) özündə birləşdirən, qlobal məsələlərin həlli ilə məşğul olan və ən mühüm beynəlxalq forum hesab edilən "Böyük səkkizlər"in sammitində belə bir sənədin qəbul edilməsi Azərbaycanın aparıcı rol oynadığı Şəffaflıq Təşəbbüsünün korrupsiyaya qarşı mübarizədə artıq qlobal standarta çevrildiyinin göstəricisidir. Xatırladaq ki, Təşəbbüsün həyata keçirilməsi çərçivəsində artıq 5 hesabat dərc etdirmiş Azərbaycan Təşəbbüsün tətbiqində olduğu kimi, onun qiymətləndirilməsində də ilk ölkə olmağı öz üzərinə götürüb.
Bu il Şəffaflıq Təşəbbüsünə dair daha bir nüfuzlu, beynəlxalq sənədin qəbul edilməsi gözlənilir ki, bu da layihəsi Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş Birləşmiş Millətlər Təşkilatının Qətnaməsidir. Şəffaflıq Təşəbbüsünü dəstəkləyən Qətnamənin BMT Baş Assambleyasının bu ilin payızında keçiriləcək toplantısında təqdim ediləcəyi gözlənilir.