Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyasının sədri Şahmar Mövsümov MHŞT üzrə beynəlxalq Katibliyin rəhbəri Yonas Moberqlə görüşmüşdür. Görüşdə Norveçin paytaxtı Oslo şəhərində fəaliyyət göstərən yeni yaradılmış Katiblikdə hazırda aparılan işlər, Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqi üzrə son irəliləyişlər və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim olunmaq üçün Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş, Şəffaflıq Təşəbbüsünü dəstəkləyən Qətnamə layihəsi müzakirə edilmişdir.
Görüş zamanı Ş.Mövsümov Azərbaycanın Təşəbbüsün tətbiqində olduğu kimi, onun qiymətləndirilməsi prosesində də ilk ölkə olmağa hazır olduğunu bildirmişdir.
Yonas Moberg Dövlət Neft Fondunun "Dövlət qulluğunda şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması" kateqoriyası üzrə 2007-ci il üçün nüfuzlu "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülməsi münasibətilə Ş. Mövsümovu təbrik etmişdir.
Görüşdə 2007-ci ilin sentyabrında İdarə Heyətinin Osloda keçiriləcək növbəti iclasına hazırlıq məsələləri də müzakirə olunmuşdur.