oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun icraçı direktoru BMT Qlobal Konvensiyası Liderlərinin sammitində təqdimatla çıxış etmişdir

10 Jul 2007 12:06:00

Neft Fondunun icraçı direktoru BMT Qlobal Konvensiyası Liderlərinin sammitində təqdimatla çıxış etmişdir

10 Jul 2007 12:06:00

2007-ci il iyulun 5-6-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki qərargahında təşkilatın baş katibi Ban Ki-Munun sədrliyi ilə "Reallığı nəzərə alaraq Biznesə keçid" mövzusunda BMT Qlobal Konvensiyası Liderlərinin zirvə toplantısı keçirilmişdir. Zirvə toplantısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Ş.Mövsümov sammitin ikinci günü - iyulun 6-da "Gəlirlərdə şəffaflıq və təbii resursların hasilatı - MHŞT-də irəliləyiş və çağırışlar" mövzusuna həsr olunmuş müzakirələrdə MHŞT-nin Azərbaycanda həyata keçirilməsinə dair təqdimatla çıxış etmiş, seminar iştirakçılarına ölkəmizin Şəffaflıq Təşəbbüsünün tətbiqində əldə etdiyi uğurlara dair məlumat vermişdir. Müxtəlif ölkələrin nümayəndələri Azərbaycanın MHŞT-nin tətbiqində lider rolu və fəaliyyəti ilə maraqlanmış və Azərbaycan təcrübəsinə dair Ş.Mövsümova çoxsaylı suallar ünvanlamışlar. Bir çox xarici ölkə rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri Dövlət Neft Fondunun "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə 2007-ci il üçün "BMT-nin Dövlət Qulluğu Mükafatı"nı (UN Public Service Award) alması münasibətilə Azərbaycan nümayəndə heyətini təbrik etmişdir. MHŞT-nin İdarə Heyətinin sədri Peter Aygenin sədrliyi ilə keçən müzakirələrdə BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) təşkilatının baş katibi Supaçay Paniçpakdi, MHŞT üzrə beynəlxalq Katibliyin rəhbəri Yonas Moberq, "Anglo American" şirkətinin rəhbəri Mark Mudi-Stuart və digər şəxslər çıxış etmişlər.

Sammitin işində Azərbaycan Respublikasının Cenevrə şəhərindəki BMT bölməsində və digər təşkilatlar yanında daimi nümayəndəsi Elçin Əmirbəyov, eləcə də müxtəlif ölkələrin hökumətlərinin min nəfərə yaxın yüksək səviyyəli rəsmiləri, qeyri-hökumət və biznes təşkilatlarının nümayəndələri iştirak etmişdir.

Xəbərlərə abunə ol