Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.
Hökumətin Şəffaflıq Təşəbbüsü üzrə altıncı hesabatı audit (Moore Stephens) şirkətinin Rəyi ilə birlikdə 24 avqust 2007-cı il tarixində keçirilmiş iclasda Memorandum tərəflərinə təqdim olunub. Tərəflərin birgə iclasında həmçinin altıncı hesabat dövrünün nəticələri müzakirə olunub.
Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc olunması MHŞT üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 95 artıq qeyri-hökumət təşkilatının (QHT) və 14 fiziki şəxsin təmsil olunduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış 24 noyabr 2004-cü il tarixli Qarşılıqlı Anlaşma haqqında Memoranduma əsasən həyata keçirilir.
Moore Stephens audit şirkətinin Rəyində deyilir: "...31 dekabr 2006-cı il tarixdə bitən il ərzində qəbul olunmuş ödənişlərin/daxilolmaların cədvəli ilə bağlı Azərbaycan Respublikasının MHŞT Komissiyasının bəyannaməsi yuxarıda qeyd olunan tələblərə uyğun olaraq hazırlanmış və bütün əhəmiyyətli hallarda düzgün əks olunmuşdur".
Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun, MHŞT üzrə Beynəlxalq Katibliyin və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffalığın Artırılması Koalisiyasnin İnternet səhifələrində yerləşdirilir.