2007-ci il sentyabrın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti - yeddinci hesabat mərhələsi üzrə hesabatlarını (2007-ci ilin ilk 6 ayı) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmiş və Seçim Qrupu auditin "Mur Stefens" (Moore Stephens) şirkəti tərəfindən keçirilməsinə qərar vermişdir.
Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun olaraq, yeddinci hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ödəniləcək. Memoranduma uyğun olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 5 nüfuzlu audit şirkətinə (Deloitte, PricewaterhouseCoopers, Ernst & Young, Moore Stephens və KPMG) şirkətlərinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmişdir.
"Mur Stefens" şirkəti 1907-ci ildə Londonda yaradılıb. Hazırda 93 ölkədə fəaliyyət göstərən "Moore Stephens International" dünyanın mühasibatlıq və konsaltinq xidmətləri göstərən aparıcı beynəlxalq şəbəkəsidir.