2007-ci il sentyabrın 27-də Norveçin paytaxtı Oslo şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin 3-cü iclası keçirilib. MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak edib.
İclasda İdarə Heyətinin fəaliyyətinə dair müxtəlif məsələlər müzakirə edilmiş, o cümlədən MHŞT-yə qoşulmuş ölkələrdə Şəffaflıq Təşəbbüsünün tətbiqi ilə bağlı fikir mübadiləsi aparılmış və nəticədə 15 ölkəyə namizəd statusu verilmişdir. Azərbaycan dövləti də namizəd statusu alan ölkələr siyahısına daxildir. Şəffaflıq Təşəbbüsünün tətbiqinin qiymətləndirilməsi keçirildikdən sonra Azərbaycanın MHŞT ölkəsi adına layiq görülən ilk ölkə olacağı gözlənilir.
İclasda iştirak edən Norveçin Beynəlxalq İnkişaf Naziri Erik Solheim Norveçin inkişaf etmiş ölkələr arasında Şəffaflıq Təşəbbüsünü tam tətbiq edən ilk Qərb ölkəsi olacağını bəyan etmişdir. Bu da MHŞT-nin inkişaf etməkdə olan ölkələrlə yanaşı inkişaf etmiş ölkələrin də qoşulduğu bir təşəbbüs olduğunu göstərən mühüm hadisədir.
Qeyd edək ki, İdarə Heyətinin iclasından bir gün əvvəl - senyabrın 26-da Norveçin paytaxtı Oslo şəhərində yerləşən MHŞT üzrə Katibliyin açılış mərasimi olmuşdur.