2007-ci il noyabrın 1-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov mətbuat konfransı keçirmişdir. O, Fondun 2007-ci ilin yanvar-sentyabr aylarında fəaliyyətinə dair təqdimatla çıxış etmiş və kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırmışdır.
Ş. Mövsümov mətbuat konfransında Neft Fondunun 2007-ci ilin yanvar-sentyabr aylarında gəlir və xərcləri barədə hesabatını açıqlamışdır:
2007-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 1 333,6 milyon manat, büdcə xərcləri isə 757,2 milyon manat təşkil etmişdir.
2007-ci il oktyabrın 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 45,5 % artaraq 1843,8 milyon manata (2 166,5 milyon ABŞ dolları) bərabər olmuşdur.
2007-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1279,3 milyon manat, o cümlədən mənfəət neftinin satışından 1 216,7 milyon manat, akrhesabı ödənişlərdən 0,8 milyon manat, bonus ödənişlərindən 39,4 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,0 milyon manat, Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən isə 21,4 milyon manat təşkil etmişdir.
Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 51,5 milyon manata, Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı gəlirlər isə 2,8 milyon manata bərabər olmuşdur.
Hesabat dövrü ərzində Neft Fondunun 2007-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 108,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 34,1 milyon manat və 55,7 milyon manat vəsait ayrılmışdır. 468,8 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmiş, 0,2 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə layihədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı ilə bağlı ARDNŞ-ə 87,6 milyon manat vəsait ödənilmişdir. 2007-ci ilin ilk 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,1 milyon manat olmuşdur.