Azərbaycan Respublikası Dövlət Neft Fondunun neft gəlirlərinin şəffaf idarə olunması, beynəlxalq Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi və Fondun fəaliyyəti barədə Azərbaycan ictimaiyyətinin maarifləndirilməsi məqsədilə jurnalistlər üçün elan etdiyi "Ən yaxşı tədqiqat yazısı" müsabiqəsi başa çatdı.
2007-ci il iyulun 15-dən start verilən müsabiqə üç ay davam edib. Noyabrın 30-da müsabiqənin qalibləri elan edildi. Birinci yer "Qara qızılın üzağlığı - Şəffaflıq" yazısına görə "525-ci qəzet"in əməkdaşı Qalib Bayramova, ikinci yer "Neft gəlirlərinin idarə edilməsində şəffaflıq gözlənilirmi?" yazısına görə "Üç nöqtə" qəzetinin əməkdaşı Xalid Kazımova, üçüncü yer isə "Neft Fondunun BMT-nin dövlət qulluğu mükafatına layiq görülməsinə aparan nailiyyətlər - Azərbaycan Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində dünya lideridir" yazısına görə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) əməkdaşı Yunis Orucova və "Neft Fondunun fəaliyyəti şəffaflığı ilə seçilir" yazısına görə "Üç nöqtə" qəzetinin əməkdaşı Pünhan Əfəndiyevə verildi. Neft Fondu tərəfindən müsabiqənin qaliblərinə pul mükafatı təqdim edildi.