2007-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasizadənin sədrliyi ilə Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. İclasda Dövlət Neft Fondunun 2008-ci il üçün büdcə layihəsi, Neft Fondunun 2007-ci il üçün büdcəsində dəyişikliklərin edilməsi, habelə Fondun Müşahidə Şurasının reqlamentində dəyişikliklərin edilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2008-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı Direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin gəlirlərinin 3 609 361,0 min manat, xərclərinin 1 680 853,6 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 9 751,6 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılmış, müvafiq olaraq Fondun 2008-ci il büdcə layihəsi, o cümlədən vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir.
İclasda eyni zamanda Müşahidə Şurasının reqlamentində dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Dəyişikliyə uyğun olaraq Müşahidə Şurasının sədrinin hər növbəti ilin birinci iclasında seçilməsinə qərar verilmişdir.
Baş Nazir cənab A.Rasizadə yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilmişdir.