Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2007-ci il noyabrın 7-də Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Karolayn Braunu qəbul etmişdir.
Görüşdə Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, maliyyələşdirdiyi layihələr, Fondun vəsaitlərinin idarə olunması və xarici maliyyə bazarlarında yerləşdirilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu, Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim olunmaq üçün Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş, Şəffaflıq Təşəbbüsünü dəstəkləyən Qətnamə layihəsi barədə qonaqlara məlumat vermişdir.
Karolayn Braun Dövlət Neft Fondunun "Dövlət qulluğunda şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması" kateqoriyası üzrə 2007-ci il üçün nüfuzlu "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülməsi münasibətilə Ş. Mövsümovu təbrik etmişdir. Xanım Braun Şəffaflıq Təşəbbüsünün ilk dəfə Böyük Britaniya tərəfindən irəli sürülməsinə baxmayaraq, hal-hazırda Azərbaycanın MHŞT-nin tətbiqində və inkişaf etdirilməsində aparıcı dövlət olduğunu xüsusi vurğulamışdır.
Görüşdə eyni zamanda ölkəmizdəki mövcud iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, neft gəlirlərinin artmasının ölkəyə təsiri, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.