2007-cı il fevralın 7-də Bakıda keçirilən ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının birinci iclasında ABŞ Ticarət və İnkişaf Agentliyi (TİA) ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) arasında ARDNF-ə 855 075 ABŞ dolları məbləğində texniki yardım ayrılması barədə qrant sazişi imzalanıb. "Dövlət Neft Fondunun İnstitusional İnkişafı Layihəsi üzrə 2-ci fazanın texniki yardımı üçün mallar və xidmətlərin dəyərinin maliyyələşdiriməsinə dair Qrant Sazişi"ni ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov və TİA-nin Avropa ölkələri üzrə direktoru Daniel Stayn imzalayıb.
Layihənin Overture Financial Services şirkəti tərəfindən həyata keçiriləcək ikinci mərhələsində mühasibatlıq sisteminin təkmilləşdirilməsini, investisiya portfelinin idarə olunmasını və gəlirliliyinin qiymətləndirilməsini və risklərin qiymətləndirilməsi sistemlərinin qurulmasını həyata keçirən şirkətin/sistemin seçilməsi üçün Neft Fonduna məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Fondun institusional quruculuğunun təkmilləşdirilməsi məqsədilə 2004-cü il mayın 19-da imzalanmış sazişə uyğun olaraq Overture Financial Services şirkəti tərəfindən həyata keçirilən layihənin 1-ci mərhələsi 2006-cı ilin avqust ayında başa çatıb.