2008-ci il oktyabrın 29-30-da Yunanıstanın paytaxtı Afina şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin növbəti iclası keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.
İclasda BMT-nin Baş Assambleyasında konsensusla qəbul edilmiş MHŞT-ni dəstəkləyən qətnamənin əhəmiyyəti qeyd edilmiş və Azərbaycan hökumətinə bu qətnaməni BMT Baş Assambleyasına təqdim etdiyinə görə xüsusi minnətdarlıq bildirilmişdir.
İdarə Heyətinin iclasında Azərbaycanın qiymətləndirmə prosesinə başlamış ilk ölkə olması yüksək qiymətləndirilmiş və təqdir edilmişdir.
Görüş zamanı İdarə Heyətinin 16-18 fevral 2009-cu il tarixlərində Qətərin paytaxtı Doha şəhərində keçiriləcək Beynəlxalq Konfransa hazırlıq işləri müzakirə edilmişdir.