Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 2008-ci il noyabrın 6-da Avropa Jurnalistika Mərkəzinin təşkil etdiyi Avropa Qonşuluq siyasəti proqramında iştirak edən Avropa İttifaqı ölkələrinin jurnalistləri ilə görüş keçirmişdir.
Görüşdə çıxış edən Ş. Mövsümov Neft Fondunun ölkədə makroiqtisadi sabitliyin qorunmasında və mühüm sosial və infrastruktur layihələrinin həyata keçirilməsində rolu, Fondun fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat vermişdir. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair məsələlər, o cümlədən Azərbaycanda MHŞT-nin uğurla tətbiq edilməsi, Azərbaycan hökuməti tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilən və konsensusla qəbul olunmuş Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamə barədə məlumatlar qonaqların diqqətinə çatdırılmışdır.
Eyni zamanda Ş. Mövsümov ARDNF-nin fəaliyyəti və MHŞT-nin Azərbaycanda tətbiqinə dair jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
Görüşdə Avropanın "Pravo" (Çexiya), "Radio 4" (Estoniya), "YLE TV" (Finlandiya), "Der Tagesspiegel" (Almaniya), "Eleftherotypia" (Yunanıstan), "RTE TV" (İrlandiya), "Newstalk/BBC" (İrlandiya), "SWH Radio" (Latviya), "De Telegraaf" (Niderland), "Slovak Radio" (Slovakiya) kimi nüfuzlu media qurumlarının nümayəndələri iştirak etmişdir.