Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.
2009-cu il avqustun 26-da Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) tərəflərinin - MHŞT üzrə Hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının birgə iclası keçirilmişdir.
İclasda Deloyt end Tuş audit şirkəti tərəfindən yoxlanılmış MHŞT üzrə onuncu hesabata (2008-ci il üzrə illik) dair QHT Koalisiyasının rəyi müzakirə edilmişdir. Audit şirkətinin də iştirak etdiyi iclasda Koalisiyanın rəyində qaldırılan məsələlərə dair audit şirkəti tərəfindən əlavə məlumat verilmiş və bir sıra suallar cavablandırılmışdır.
Müzakirələr nəticəsində hesabatlılığın təkmilləşdirilməsinə dair bir sıra qərarlar qəbul edilmişdir.
İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun formalaşdırılması və fəaliyyəti haqqında Razılaşma sənədi geniş müzakirə edilmiş və bir sıra məsələlər istisna olmaqla sənəd əsasən razılaşdırılmışdır. Razılaşdırılmamış məsələlər qısa müddət ərzində tam razılaşdırıldıqdan sonra sənədin imzalanması nəzərdə tutulur.