2009-cu il fevralın 16-18-də Qətərin paytaxtı Doha şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 4-cü beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Maliyyə Naziri Samir Şərifov, Azərbaycanı MHŞT üzrə İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycanın MHŞT üzrə Katibliyinin başçısı Adil Məmmədov və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvlərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.
Konfransın ilk günündə MHŞT üzrə Beynəlxalq İdarə Heyətində Azərbaycana MHŞT-nin tətbiqində tamhüquqlu üzv statusunun verilməsi məsələsi müzakirə edilmişdir.
Konfransda Azərbaycanda mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçərək ictimaiyyətə açıqlandığı və dərc edildiyi, Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu qeyd edilmişdir. Bunları nəzərə alaraq İdarə Heyəti tərəfindən Azərbaycanın MHŞT-nin tamhüquqlu üzv statusu təsdiq edildi. Bununla da Azərbaycan MHŞT-ni tətbiq edən və namizəd statusu almış 26 ölkədən tamhüquqlu üzv satusunu almış ilk və yeganə ölkə oldu.
İdarə Heyəti Azərbaycan hökumətini MHŞT-nin tətbiqi sahəsində uğurları və bu sahədə lider ölkə olması münasibətilə təbrik etmiş və digər MHŞT ölkələrini MHŞT-nin tətbiqində əməkdaşlığa daha konstruktiv yanaşmağa dəvət etmişdir. Azərbaycanın namizəd ölkə statusundan tamhüquqlu üzv statusuna keçməsinin təsdiq edilməsinin MHŞT üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Kofransda Azərbaycana MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə “2009-cu il MHŞT mükafatı” təqdim edilmişdir.
Konfransda iştirak edən Açıq Cəmiyyət İnstitutu və Soros Fondunun təsisçisi və sədri Corc Soros öz çıxışında Azərbaycanı təbrik etmiş və Azərbaycanın MHŞT-nin tətbiqində nailiyyətlərini yüksək qiymətləndirərək MHŞT-ni tətbiq edən digər ölkələrin də Azərbaycanın yolu ilə gedəcəyinə ümid etdiyini bildirmişdir.
Konfrans çərçivəsində hər iki ildən bir seçilən MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvlərinin növbəti iki il üçün seçilməsi məsələsi müzakirə edilmiş və Azərbaycan yenidən MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə üzv seçilmişdir.