Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2010-cu ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 6 101,2 milyon manat, büdcə xərcləri isə 2 630,2 milyon manat təşkil etmişdir.
2010-cu ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 089,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 000,1 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 83,2 milyon manat, tranzit gəlirləri 4,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,9 milyon manat, akrhesabı ödənişlər 0,8 milyon manat təşkil etmişdir.
Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 11,9 milyon manata bərabər olmuşdur.
Hesabat dövrü ərzində Neft Fondunun 2010-cu il büdcəsinin icrası çərçivəsində2 455,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 34,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 74,8 milyon manat və 53,0 milyon manat vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 2,8 milyon manat vəsait ayrılmışdır. 1,5 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2010-cu ilin ilk 6 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 9,1 milyon manat olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri 869,1 milyon manat təşkil etmişdir.
2010-cu il iyulun 1-ə Fondun aktivləri ilin əvvəlinə (14900,4 milyon ABŞ dolları) nisbətən 21,6 % artaraq 18 122,3 milyon ABŞ dollarına bərabər olmuşdur.