2010-cu il mayın 6-8-də Avstraliyanın Sidney şəhərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak etmişdir.
İclasda iyirmi iki Suveren Fondun yüksək səviyyəli rəsmiləri, həmçinin bir sıra ölkələrin və beynəlxalq qurumların nümayəndələri iştirak etmişdir. İclas zamanı qısa müddət ərzində Santiaqo prinsiplərinin tətbiqi istiqamətində əsaslı irəliləyişlər, Suveren Fondların təmsil etdikləri və investiya etdikləri ölkələrdəki mühüm rolları, mövcud tənzimləmə mühiti və investisiya rejimlərinin bu kimi Fondların fəaliyyətinə təsiri kimi məsələlər müzakirə olunmuşdur.
ARDNF-in icraçı direktoru Şahmar Mövsümovun sözlərinə əsasən, Forumun yaranmasından ötən qısa müddət ərzində qarşıya qoyulan hədəflərin həyata keçməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Forum artıq Suveren Fondlar arasında mövcud təcrübə və biliklərin bölüşdürülməsində, həmçinin investisiya qəbul edən ölkələrlə dialoqun asanlaşdırılmasında olduqca effektiv qeyri-rəsmi bir platformaya çevrilmişdir.
Forumun növbəti iclasının 2011-ci ilin aprelində Çin İnvestisiya Korporasiyasının təşkilatçılığı ilə Çinin Pekin şəhərində keçiriləcəyi elan edildi.
Ş.Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti həmçinin 2010-cu il mayın 4-də Sinqapurda, həmin ölkənin Dövlət İnvestisiya Korporasiyasının qrup prezidenti Lim Sionq Quan və mayın 10-da Sidneydə Avstraliya Gələcək Fondunun sədri Devid Mörrey ilə görüşmüşdür. Görüşlərdə tərəflər təmsil etdikləri qurumların yaranma zərurəti, əsas məqsəd və vəzifələri, fəaliyyət göstərdikləri ölkələrin iqtisadiyyatlarındakı mühüm rolu, vəsaitlərin strateji bölüşdürülməsi və sair məsələlərə dair müzakirələr aparmışdır.
Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmış və ilk rəsmi iclası 8-9 oktyabr 2009 cu il tarixlərində Bakı şəhərində keçirilmişdir. Suveren Fondların Beynəlxalq Forumu könüllü qrup olub, suveren fondların ümumi marağına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santiaqo prinsiplərini rəhbər tutaraq suveren fondların fəaliyyətlərinin inkişaf etdirilməsinə kömək etmək məqsədilə yaradılmışdır.