2010-cu il martın 3-də Azərbaycanda fəaliyyət göstərən "Neftechala Operating Company Ltd" şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla "Neftechala Operating Company Ltd" şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - on ikinci hesabat dövrü (2009-cu il) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.
Bununla, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 29-a çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha yeddi şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NİCO, Apsheron Investments Ltd, GDF SUEZ Eksploreyşn Kaspian B.V. və Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkətləri qoşulub.