Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2010-cu ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 2754,5 milyon manat, büdcə xərcləri isə 1292,3 milyon manat təşkil etmişdir.
2010-cu ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2704,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2702,2 milyon manat, tranzit gəlirləri 2,0 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,3 milyon manat təşkil etmişdir.
Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 50,0 milyon manata bərabər olmuşdur.
Hesabat dövrü ərzində Neft Fondunun 2010-cu il büdcəsinin icrası çərçivəsində1225,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 2,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 23,2 milyon manat və 36,5 milyon manat vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 1,9 milyon manat vəsait ayrılmışdır. 2010-cu ilin birinci rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,8 milyon manat olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri 379,0 milyon manat təşkil etmişdir.
2010-cu il aprelin 1-ə Fondun aktivləri 2010-cu ilin əvvəlinə (14900,4 milyon ABŞ dolları) nisbətən 9,1 % artaraq 13049,7 mln. manata (16243,3 milyon ABŞ dolları) bərabər olmuşdur.