2010-cu il fevralın 25-də Azərbaycanda fəaliyyət göstərən Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMK) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla AİMK Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - on ikinci hesabat dövrü (2009-cu il) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.
AİMK Azərbaycanda qızıl və gümüş hasilatı sahəsində fəaliyyət göstərən şirkətdir. Bu şirkətin Şəffaflıq Təşəbbüsünə qoşulması Azərbaycanda MHŞT-nin tətbiqində yeni mərhələdir. Azərbaycanda ilk dəfə olaraq MHŞT-yə neft-qaz hasilatı ilə məşğul olan şirkətlərdən kənar digər mədən hasilatı ilə məşğul olan şirkət qoşulmuşdur.
Bununla artıq ölkədə mədən hasilatı ilə məşğul olan bütün şirkətlər (28 şirkət) MHŞT-nin tətbiqi prosesinin iştirakçısıdır. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha altı şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NİCO, Apsheron Investments Ltd və GDF SUEZ Eksploreyşn Kaspian B.V. şirkətləri qoşulub.