“Dövlət Neft Fondunun fəaliyyəti çox şəffafdır. Onun fəaliyyəti, gəlirləri, xərcləri haqqında məlumat müntəzəm olaraq ictimaiyyətə çatdırılır. Dövlət Neft Fondunun xərcləri ancaq parlamentin təsdiqi ilə mümkündür. Büdcəmiz təsdiq ediləndə o vaxt hökumətin təklifi ilə Milli Məclis transfertin həcmini müəyyən edir. Yəni, maksimum şəffaflıq bizə imkan verdi ki, bu imkanlardan səmərəli istifadə edək. Bu gün Azərbaycan o ölkələrdəndir ki, şəffaflığa görə çox yüksək beynəlxalq qiymətə layiqdir.”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
İctimaiyyətin Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) barədə məlumatlılığının artırılması məqsədilə ARDNF tərəfindən fond barədə müxtəlif fəaliyyət istiqamətləri üzrə təhlili məqalələr hazırlanır. Birinci məqalədə suveren fondlar, onların xüsusiyyətləri, rolları, şəffaflıq, şəffaflığın qiymətləndirilməsi üzrə prinsip və indekslər, Neft Fondunun suveren fond olaraq şəffaflıq sahəsində gördüyü işlər barədə məlumatlar yer alır. AZƏRTAC məqaləni təqdim edir.
X X X
Azərbaycan təbii sərvətlərlə - neft və qaz ehtiyatları ilə zəngin ölkədir. Müstəqilliyinin ilk dövrlərində ölkədə iqtisadi və siyasi problemlər mövcud idi. Mövcud vəziyyət karbohidrogen ehtiyatlarının istifadəsi üçün texniki və maliyyə baxımından çətinliklər yaradırdı.
Ölkənin təbii sərvətlərindən səmərəli istifadəni təmin etmək və iqtisadiyyatı canlandırmaq məqsədilə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkədə Milli Neft Strategiyası hazırlandı. Uzunmüddətli inkişafa hesablanmış bu strategiyanın əsas məqsədi ölkənin neft və qaz ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadəsinin təmin edilməsidir. Milli Neft Strategiyasının əsasını xarici sərmayənin və təcrübənin cəlb olunması, çoxvariantlı ixrac sisteminin yaradılması və əldə olunmuş gəlirlərin effektiv, şəffaf idarə edilməsi və istifadə olunması təşkil edir.
Milli Neft Strategiyasında nəzərdə tutulmuş sonda qeyd edilən hədəfə nail olmaq məqsədilə ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə Azərbaycanın suveren fondu olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əsası qoyuldu.
ARDNF-in ölkədəki rolu və xüsusiyyətlərini daha aydın təsvir etmək üçün dünyada mövcud olan bu tip suveren fondların yaradılma məqsədləri, onların rolu, özünəməxsus xüsusiyyətləri və oxşar cəhətlərinə nəzər yetirmək məqsədəuyğun olardı.
Bu gün suveren fondlar həm say etibarilə, həm də sahibi olduğu vəsaitlərinin, həcminin artması hesabına qlobal maliyyə bazarlarının əsas iştirakçılarına çevrilib. Kastelli və Skakiavillaniyə görə, suveren fondlar, dövlət tərəfindən ölkə sərvətlərinin yığılması və səmərəli idarə edilməsi məqsədilə yaradılmış xüsusi məqsədli investisiya fondlarıdır.
Stiqlitze görə, suveren fondların 3 əsas rolu var. Stiqlitz bildirir ki, bu fondlar uzunmüddətli investor olaraq maliyyə böhranları ilə mübarizədə aparıcı qüvvədirlər. İkincisi, bu cür fondlar xalqın sərvətini idarə etdiklərindən ölkə vətəndaşları qarşısında cavabdehlik daşıyır və ölkənin inkişafına hesablanmış layihələrə investisiya edir. Üçüncüsü, suveren fondlar qlobal layihələrə (iqlim dəyişikliyi və sair) də investisiya etmək iqtidarındadırlar. Qrenvilleyə görə müxtəlif məqsədlər üçün yaradılmış müxtəlif tip suveren fondlar mövcuddur. Suveren fondlar maliyyələşmə mənbəyi xammal olan və digər maliyyə mənbələrindən (məsələn büdcə profisiti, xarici valyuta ehtiyatları və sair) formalaşan fondlar olaraq iki qrupa ayrılır. Maliyyələşmə mənbəyi xammal olan fondlar əsasən neft və qaz kimi təbii resursların satışından əldə edilən gəlir hesabına formalaşdırılır. Bu cür fondlar əsasən təbii sərvətlərlə zəngin ölkələrdə yaradılır və onların yaradılmasında əsas məqsəd bu sərvətlərdən əldə edilən vəsaitin toplanması, ölkənin inkişafı üçün istifadəsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etməkdir.
Bir sıra tədqiqatçılar suveren fondların əsas tipləri kimi stabilləşdirmə fondları, yığım fondları, pensiya fondları və inkişaf fondlarını qeyd edirlər. Bu cür fondların yaradılma məqsədləri müxtəlif olsa da, onları birləşdirən bir sıra ümumi cəhətlər də mövcuddur (Kurzio və Miceli):
• Suveren fondlar dövlətlər tərəfindən yaradılır;
• ayrıca qurum və ya mərkəzi bankların tərkibində fəaliyyət göstərir;
• müxtəlif maliyyə alətlərini özündə birləşdirən investisiya portfellərinə malikdir;
• uzunmüddətli investorlardır.
Bütün yuxarıdakıları nəzərə alaraq qeyd edilməlidir ki, ölkədəki mövcud vəziyyətdən, maliyyə bazarlarında baş verən proseslərdən asılı olaraq fondların rol və vəzifələri dəyişə bilər və ya onlar qeyd edilən bir və ya bir neçə vəzifəni daşıya bilərlər.
ARDNF-in əsas gəlir mənbəyi neft və qazın satışından əldə edilən gəlirlər olduğu üçün suveren fond olaraq Neft Fondu maliyyələşmə mənbəyi xammal olan suveren fond qrupuna daxildir. ARDNF də digər bir sıra suveren fondlar kimi dövlət tərəfindən ayrıca qurum olaraq yaradılıb, özünün büdcəsi mövcuddur, uzunmüddətli investor kimi müxtəlif investisiya alətlərini özündə birləşdirən investisiya portfelinə malikdir.
ARDNF-i suveren fondların yuxarıda qeyd edilən növləri ilə müqayisə etdikdə onun çoxməqsədli suveren fond olduğu nəzərə çarpır. Belə ki, ARDNF ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində mühüm rol oynayır, eyni zamanda, Azərbaycan xalqının sərvətinin yığılmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanılmasını təmin edir, ölkənin iqtisadi inkişafını təmin etmək məqsədilə müxtəlif mühüm sosial iqtisadi layihələrin maliyyələşdirilməsini həyata keçirir.
Şəffaflıq və hesabatlılıq
Müasir dövrdə şəffaflıq və hesabatlılıq suveren fondların idarə edilməsində mühüm əhəmiyyət kəsb edir. Dikson və Monk şəffaflığın yalnız suveren fondlar üçün deyil, eyni zamanda, onların tərəfdaşları üçün də önəmli olduğunu hesab edirlər. Ümumilikdə suveren fondların fəaliyyətlərində şəffaflığa nail olmaları onların qarşısında cavabdehlik daşıdığı ölkə vətəndaşları, fəaliyyət göstərdiyi dövlətin müxtəlif qurumları, tərəfdaş təşkilatlar ilə münasibətlərinin müsbət inkişafına, bu fondlara qarşı inamın formalaşmasına mühüm təsir edir.
Şəffaflığa və hesabatlılığa nail olmaq üçün suveren fondlar maliyyə hesabatlarını, gəlir və xərcləri barədə hesabatları, investisiya fəaliyyəti, idarəetmə mexanizmi barədə məlumatları həm yerli, həm də beynəlxalq ictimaiyyət ilə bölüşməli, fəaliyyətləri müstəqil auditorlar tərəfindən yoxlanılmalıdır.
Yaradıldığı gündən etibarən şəffaflıq və hesabatlılıq ARDNF-in fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə ARDNF-in fəaliyyəti illik əsasda müstəqil beynəlxalq nüfuzlu auditor tərəfindən yoxlanılır, fondun fəaliyyəti barədə illik hesabatı dərc edilir.
İctimaiyyət ARDNF-in aktivləri, həyata keçirilən layihələr, gəlirlər və xərcləri, investisiya fəaliyyəti, ARDNF-in təşkil etdiyi müxtəlif tədbir və görüşlər, illik maliyyə hesabatları barədə pres relizlər vasitəsilə məlumatlandırılır, bütün bu informasiyalar ARDNF-in rəsmi internet səhifəsində (www.oilfund.az) və sosial şəbəkələrdəki (www.facebook.com/SOFAZ.ARDNF, twitter.com/sofazofficial) rəsmi səhifələrində yerləşdirilir.
ARDNF-ə daxil olan müxtəlif şifahi və yazılı sorğular “İnformasiya əldə etmək” haqqında Qanunda nəzərdə tutulmuş vaxt çərçivəsində və sahibi olduğu informasiyanın təmin edilməsi şərti ilə cavablandırılır.
ARDNF-in ictimaiyyətlə əlaqələri Azərbaycan Respublikası Dövlət Neft Fondunun informasiya siyasətinə uyğun olaraq qurulur. ARDNF-in informasiya siyasəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq, fondun tərəfdaşlar və ictimaiyyətlə informasiya dövriyyəsinə dair əlaqələrini düzgün və effektli şəkildə təşkil etmək, həmçinin şəffaf dövlət təsisatı imicinin qorunması və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə hazırlanıb.
ARDNF ölkədə hasilat sənayesində şəffaflığın təmin edilməsi sahəsində də aktiv fəaliyyət göstərir. ARDNF-in icraçı direktoru Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyev tərəfindən yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədridir.
Dövlət Neft Fondunun şəffaf fəaliyyəti dünyanın bir çox nüfuzlu qurumları tərəfindən yüksək qiymətləndirilir. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən ARDNF-ə BMT-nin “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə mükafatı təqdim edilib. Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən birinci dövlət qurumudur.
Müxtəlif qurumlar tərəfindən suveren fondlarda şəffaflıq və hesabatlılığın artırılması məqsədilə bir sıra standartlar və qiymətləndirmə cədvəlləri hazırlanıb. Bunlardan Suveren Fondların Beynəlxalq İşçi Qrupu tərəfindən hazırlanmış “Ümumi qəbul olunmuş Prinsip və Normalar”ı (Santyaqo Prinsipləri), Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun əməkdaşı Edvin Truman tərəfindən hazırlanmış Suveren fondların qiymətləndirmə cədvəlini xüsusi vurğulamaq olar.
Suveren Fondların Beynəlxalq İşçi Qrupu tərəfindən hazırlanmış 24 prinsipdən ibarət olan “Ümumi qəbul olunmuş Prinsip və Normalar” və ya Santyaqo Prinsiplərinin (http://www.ifswf.org/santiago-principles) məqsədi suveren sərvət fondları üçün səmərəli idarəetmə, hesabatlılıq, şəffaflıq və məqsədyönlü investisiya təcrübələrini təşviq etməkdən ibarətdir. Bu prinsiplər 3 əsas bölməyə ayrılıb: Hüquqi əsaslar, məqsədlər və makroiqtisadi siyasətlə əlaqələndirmə; İnstitusional əsaslar və idarəetmə strukturu; İnvestisiya və riskin idarə olunmasının əsasları. Bütün bu bölmələrdə birbaşa və ya dolayı olaraq şəffaflıq və hesabatlılıq məsələləri öz əksini tapır. Lazımi informasiyanın açıqlanması və hesabatların təqdim edilməsi şəffaflıq və hesabatlılığın əsas elementi olaraq göstərilir.
ARDNF Santyaqo Prinsipləri əsasında fikir və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə əsası 2009-cu ildə qoyulan və tərkibində dünyanın əksər suveren fondlarını birləşdirən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) aktiv üzvüdür, forumun iclaslarında iştirak edir. Neft Fondunun bu forumda aktiv iştirakı onun digər suveren fondlarla əməkdaşlığının gücləndirilməsinə, müvafiq beynəlxalq təcrübənin bölüşdürülməsinə və bu fondlar arasında nüfuzunun artırılmasına mühüm təsir göstərir. Təsadüfi deyildir ki, SFBF-nin ilk illik görüşü Azərbaycan hökuməti və ARDNF-in təşkilatçılığı ilə 2009-cu ildə Bakıda keçirilib, dünyanın 20-dən artıq ölkəsinin suveren fondlarının yüksək səviyyəli nümayəndələri tədbirdə iştirak edib. ARDNF 2011-ci ildən Santyaqo Prinsiplərinə uyğun olaraq özünün qiymətləndirmə hesabatını açıqlayır və illik əsasda bu hesabatı yeniləyir. Bu hesabat həm ARDNF-in, həm də Suveren Fondların Beynəlxaq Forumunun(http://www.ifswf.org/) internet səhifələrində yerləşdirilir. Qeyd edilən hesabat vasitəsilə Neft Fondu bütün lazımi məlumat və sənədləri, bu məlumatlarla əlaqəli linkləri Santyaqo Prinsip və alt prinsiplərinə uyğun şəkildə açıqlayır. Hesabatın illik əsasda yenilənməsi hər bölmə üzrə müvafiq irəliləyişlərin əldə edilməsinə və şəffaflığın artırılmasına şərait yaradır.
Suveren fondların şəffaflıq və hesabatlılığının qiymətləndirilməsi sahəsində Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun əməkdaşı Edvin Truman tərəfindən hazırlanmış suveren fondların qiymətləndirmə cədvəlini(https://piie.com/system/files/documents/pb16-18.pdf) də qeyd etmək olar. Bu qiymətləndirmə cədvəli 4 əsas kateqoriyadan ibarətdir: struktur, idarəetmə, şəffaflıq və hesabatlılıq, maliyyə bazarlarında fəaliyyət. Bu cədvəldə ARDNF 60 suveren fond arasında yüksək göstərici ilə 92 balla 4-cü yerdə qərarlaşıb.
E.Trumanın Suveren fondların qiymətləndirmə cədvəli (ilk 20 suveren fond)
Yuxarıda qeyd edilən qurumlar tərəfindən şəffaflığın qiymətləndirilməsi üzrə yaradılmış alətlərlə yanaşı suveren fondların şəffaflıq səviyyəsini ölçmək və onların qeyri-şəffaf fəaliyyətlərini müəyyən etməklə şəffaflıq və hesabatlılığın artırılmasına dəstək vermək məqsədilə Suveren fondlar İnstitutunun əməkdaşları Karl Linaburq və Maykl Maduel tərəfindən Linaburq-Maduel indeksi (https://www.swfinstitute.org/statistics-research/linaburg-maduell-transparency-index/) yaradılıb. Bu indeks 10 əsas prinsipdən ibarətdir. Bu prinsiplərə suveren fondların məqsəd və vəzifələri, formalaşma mənbələri, strukturu, tarixi, xarici menecerlərlə əlaqələri, investisiya siyasəti və portfeli barədə məlumatlar, hesabatların, əlaqələrin açıqlanması, veb-saytın mövcudluğu kimi məsələlər daxildir.
Linaburq-Maduel şəffaflıq indeksində də ARDNF ən yüksək balı toplayan və birinci yerdə qərarlaşan az sayda suveren fondlardan biridir. ARDNF-in bu indeksdə yüksək pillədə qərarlaşması onun şəffaflıq prinsiplərinə verdiyi önəmin əsas göstəricisidir.
Linaburq-Maduel Şəffaflıq indeksi
ARDNF-in şəffaflıq və hesabatlılığın təmin edilməsində həyata keçirdiyi tədbirlər, beynəlxalq qurumlar tərəfindən aparılan qiymətləndirmələrdə Fondun tutduğu mövqelər bir daha onu göstərir ki, suveren fond olaraq ARDNF bu sahədə bütün tələbləri layiqincə yerinə yetirir. Fondun şəffaf fəaliyyəti ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün ARDNF beynəlxalq birlikdə etibarlı partnyor və etibarlı tərəfdaş kimi yüksək nüfuz əldə edib.
Cəmalə Əliyeva
Azərbaycan Respublikası Dövlət Neft Fondunun
İctimaiyyətlə əlaqələr departamentinin direktoru