oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondu Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında etibarlı körpü yaradır - Mübariz Abdullayev

22 Jul 2019 14:28:00

Dövlət Neft Fondu Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında etibarlı körpü yaradır - Mübariz Abdullayev

Dünyada karbohidrogen ehtiyatları ilə zəngin olan ölkələrin sayı kifayət qədər çoxdur. Lakin təhlillər apardıqda aydın olur ki, böyük neft və qaz ehtiyatları heç də bütün hallarda ölkələrə, xalqlara xoşbəxtlik gətirməyib, hətta ayrı-ayrı dövlətlərin timsalında biz görürük ki, bəhs olunan sərvətlər, necə deyərlər, onların başının bəlasına çevrilib. Saysız-hesabsız “qara qızıl” yataqlarının fonunda həmin dövlətlərin iqtisadiyyatlarının çökməsinin, sakinlərinin səfalət içində yaşamalarının hansısa bir izahı məntiqi qarşılana bilməz. Burada əlbəttə ki, bir sıra mənfi amillərin rolunu vurğulaya bilərik. Əsas məqamlardan biri isə enerji ehtiyatlarının satışından qazanılan gəlirlərin idarə edilməsində yol verilən nöqsanlardır.
Azərbaycanın nümunəsi isə tamam fərqli rakursdan diqqəti çəkir. Bu gün respublikamız özünü beynəlxalq birliyə milli maraqları qətiyyətlə qoruyan güclü dövlət kimi təqdim edir ki, bunun da təməlində dayanan fundamental amillər sırasında ölkəyə gələn neft gəlirlərinin şəffaflıq təmin olunmaqla ən prioritet istiqamətlərə yönəldilməsinin önəmini xüsusi vurğulamaq lazımdır.

ARDNF hansı zərurətdən yarandı?

Tarix boyu insanlarda belə bir qənaət formalaşıb ki, pulun necə xərclənməsi çox pul qazanmaqdan heç də az önəmli məsələ deyil. Bu inanc, əslində, özündə böyük həyat dərsini ehtiva edir. Milyonçuların dilənçi aqibətinə dair çoxlu faktlar sadalamaq mümkündür. Kiçik yığımlarla həyatını dəyişərək milyonçuya çevrilənlərin də sayı az deyil. Deməli, əsas məsələ pulu necə qazanmaqda yox, onu necə xərcləməkdədir. “Bu il 20 illiyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) hansı zərurətdən yarandı” sualına da məhz bu məntiqdən çıxış edərək cavab verməyə çalışacağıq.

Bu gün hər kəs təsdiqləyə bilər ki, müstəqil Azərbaycanın davamlı dinamik inkişafının təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması xüsusi rola malikidir. 1994-cü il sentyabrın 20-də yeni neft strategiyasının reallaşdırılmasında çox mühüm bir addım atıldı - Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda altı dövləti təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub.

“Əsrin müqaviləsi”nin işə düşməsi ilə yeni neft strategiyasında qarşıya qoyulan prioritet hədəflərdən birinə nail olunmuşdu. Ölkəyə gələn neft gəlirlərinin getdikcə artması fonunda isə başqa bir aktual çağırış gündəmə gəlmişdi: Neft gəlirlərini harada toplamalı və necə xərcləməli? Müdrik siyasətçi Heydər Əliyevin yanaşması o dövrdə meydana çıxan yeni çağırışa ən yaxşı cavab oldu. Ümummilli Lider vurğulayırdı ki, neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Elə yeni neft strategiyasının reallaşdırılmasının növbəti mərhələsi kimi Dövlət Neft Fondunun yaradılmasında da məhz bugünkü və gələcək nəsillər arasında ədalətli resurs bölgüsü prinsipi əsas götürüldü. Beləliklə, Ümummilli Liderimiz Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edildi. Neft Fondu əməli fəaliyyətə 2001-ci ilin iyul ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başladı.

Dövlət Neft Fondu öz fəaliyyətində dünyadakı qabaqcıl təcrübədən bəhrələnir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyəti barədə geniş söhbət açmazdan əvvəl bu sahədə dünya təcrübəsinə qısa nəzər salmaq istərdik. Müasir dövrdə özünün müsbət təcrübəsi ilə beynəlxalq miqyasda məşhur olan bir neçə suveren fondun adını çəkmək mümkündür. Neft-qaz gəlirlərinin toplanması və post-neft dövründə də ölkə əhalisinin yüksək həyat səviyyəsinin təmin edilməsi məqsədilə yaradılan Norveç Dövlət Pensiya Fondu hazırda dünyanın ən nəhəng maliyyə qurumlarından biri hesab olunur. Hazırda fond bir milyard dollardan artıq dəyərə malik aktivləri ilə dünya lideri sayılır.

Dünyanın 10 top suveren fondları sırasında həmçinin Səudiyyə Ərəbistanının Suveren Fondu (indiki formada 2008-ci ildə təşkil olunub), Qətərin Suveren Fondu (2005-ci il), Abu-Dabinin Suveren Fondu (1976-cı il) və digərləri yer alır. Bəhs olunan suveren fondlar milli gəlirlərin toplanmasında və səmərəli idarə olunmasında zəngin təcrübə qazanıblar.

ARDNF də öz fəaliyyətində dünyada mövcud olan suveren fondların müsbət təcrübəsindən bəhrələnir. Neft gəlirlərinin toplandığı fondun ölkənin cari və perspektiv maraqlarının uzlaşdırılması ilə yaradılması Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyini və milli təəssübkeşliyini ifadə edirdi. Bu gün ARDNF-in peşəkar kollektivi Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində quruma həvalə olunan missiyanı böyük uğurla həyata keçirir. Mütəxəssislərin də bildirdikləri kimi, Dövlət Neft Fondu Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında etibarlı körpü yaradır.

Azərbaycan xalqı yalnız müstəqillik dövründə özünün zəngin təbii sərvətlərinin əsl sahibinə çevrildi

Azərbaycan tarixən zəngin neft-qaz ehtiyatlarına malik diyar kimi tanınıb. Ancaq onilliklər ərzində respublikamızın ərazisində həm dənizdə, həm də quruda böyük həcmlərdə neft hasil edilməsinə baxmayaraq, bunun xalqımıza faydası çox az olub. Birmənalı şəkildə vurğulaya bilərik ki, Azərbaycan xalqı yalnız müstəqillik illərində özünün zəngin təbii sərvətlərinin əsl sahibinə çevrildi. Neft Fondunun yaradılması və onun uğurlu fəaliyyəti deyilənlərə bariz nümunədir. Bu gün Neft Fondunun vəsaitləri qanunvericilikdə nəzərdə tutulan müxtəlif mənbələrdən formalaşır. Vəsaitlərin xərc istiqamətləri isə ölkəmizin prioritetləri nəzərə alınmaqla müəyyənləşdirilir. Neft Fondunun yaradılmasının önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Dövlət Neft Fondunun yaradılması da tarixi hadisə idi. Çünki bu Fond vasitəsilə həm büdcəmizə dəstək göstərilir, həm sosial məsələlərin həlli təşkil edilir, ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir və ilk növbədə, məcburi köçkünlərin problemləri həll olunur”.

ARDNF-dən verilən məlumatda bildirilir ki, 2019-cu ilin 31 mart tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 4,56% artaraq 40 273,3 milyon ABŞ dollarına bərabər olub. Beləliklə, 20 illiyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin həcmi ARDNF-in tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dollarını keçib. O cümlədən 2019-cu ilin birinci rübü ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 605,0 milyon manat təşkil edib. Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 355,7 milyon manat olub. ARDNF-in aktivlərinin artımı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mühüm sosial-iqtisadi islahatların nəticəsində dayanıqlı uzunmüddətli iqtisadi artıma hədəflənmiş siyasətin daha bir nümunəsidir.

Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr Azərbaycanın bugünkü müsbət reallıqlarının formalaşmasında mühüm rol oynayır

Son 16 ildə Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edib. Mütəxəssislərin qənaəti belədir ki, Dövlət Neft Fondunun indiyədək maliyyələşdirdiyi layihələr respublikamızın bugünkü müsbət reallıqlarının formalaşmasında mühüm rol oynayır. Məlumdur ki, bəhs olunan dövrdə Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallaşdırılan çoxsaylı layihələr hesabına infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. Heç şübhəsiz ki, Neft Fondundan ayrılan vəsaitlər hesabına yaradılan iqtisadi və sosial təyinatlı güclü infrastruktur olmadan ölkənin bugünkü dinamik inkişafını təsəvvür etmək belə mümkün deyil. Ümumiyyətlə, fondun yönəltdiyi vəsaitlər hesabına reallaşdırılan layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Dövlət Neft Fondu indiyədək Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının, “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi”, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” və digər belə böyükmiqyaslı layihələrin maliyyələşdirilməsini həyata keçirib. Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. İndiyədək bəhs olunan layihə üzrə tədbirlərin maliyyələşdirilməsi üçün Fonddan ümumilikdə 2,322.4 milyon manat, o cümlədən 2019-cu ilin 1-ci rübündə 19.7 milyon manat vəsait ayrılıb.

Dövlət Neft Fondu həmçinin fəal investisiya siyasəti həyata keçirir. Fondun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 76,5 faizlə istiqrazlar və pul bazarı alətləri ön mövqedə dayanır. Sonrakı yerləri 12, 8 faizlə səhmlər, 5,3 faizlə daşınmaz əmlak və 5,4 faizlə qızıl tutur.

Şəffaflıq Dövlət Neft Fondunun fəaliyyətindən qırmızı xətt kimi keçir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun öz fəaliyyətində ciddi önəm verdiyi məsələlərdən biri şəffaflıqla bağlıdır. Deyə bilərik ki, şəffaflıq Dövlət Neft Fondunun fəaliyyətindən qırmızı xətt kimi keçir.

ARDNF-in hesabat sistemində şəffaflığın təmin edilməsi ilk növbədə Fondun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil beynəlxalq auditor tərəfindən yoxlanılması ilə həyata keçirilir. Fond gəlir və xərcləri haqqında rüblük məlumatları, fəaliyyəti barədə illik hesabatları mətbuatda və qurumun internet səhifəsində mütəmadi olaraq dərc etdirir.

Onu da vurğulamaq yerinə düşər ki, ARDNF dünyanın 25-dən çox iri fondunun təmsil olunduğu Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) fəal üzvüdür. Bundan başqa, Dövlət Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində fəal iştirak edir. 2007-ci ilin mayında Neft Fondu MHŞT-nin tətbiqinə görə “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib.

http://yeniazerbaycan.com/Axtarish_e47883_az.html