oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir - Cavid Əkbərov

22 Jul 2019 14:49:00

Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir - Cavid Əkbərov

Müasir dövrdə təbii sərvətlərlə, xüsusilə karbohidrogen ehtiyatları ilə zəngin olan, sivil, demokratik inkişaf yolunu tutmuş dövlətlərdə bu sərvətlərdən əldə edilən gəlirlər bugünkü və gələcək nəsillərin daha firavan həyat şəraitini təmin etmək üçün yaradılmış suveren fondlar tərəfindən idarə olunur. Mütəxəssislərin qənaətinə görə, suveren fondlar dövlət tərəfindən ölkə sərvətlərinin yığılması və səmərəli idarə edilməsi məqsədilə yaradılmış xüsusi məqsədli investisiya fondlarıdır.

Vətənimiz Azərbaycan dünyanın təbii sərvətlərlə, xüsusilə neft və qaz ehtiyatları ilə zəngin ölkələri sırasında öncül yerlərdən birini tutur. Mövcudluğunun böyük bir hissəsini müxtəlif imperiyaların, o cümlədən XIX əsrin əvvəllərindən XX yüzilliyin sonunadək tariximizin ən şanlı səhifələrindən biri olan 1918-1920-ci illər istisna edilməklə əvvəlcə çar, sonra isə bolşevik Rusiyasının boyunduruğu altında yaşamağa məhkum olunan Azərbaycan təbii sərvətlərinin sahibi olmadığına görə ötən əsrin 90-cı illərinin başlanğıcında dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ciddi iqtisadi, siyasi və hərbi problemlərlə üz-üzə qalmışdı.

Bugünkü və gələcək nəsillərin rifahı naminə inqilabi addım

Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndər dövlət idarəetmə sükanının arxasına keçdikdən dərhal sonra onun bilavasitə rəhbərliyi ilə ilkin təxirəsalınmaz vəzifə olaraq ölkənin təbii sərvətlərindən səmərəli istifadəni təmin etmək və iqtisadiyyatı canlandırmaq məqsədilə yeni milli neft strategiyasının hazırlanmasına başlandı. Müəllifi Ümummilli Lider olan bu strategiyanın əsas məqsədi ölkənin neft və qaz ehtiyatlarından Azərbaycan xalqının indiki və gələcək nəsillərinin rifahı naminə səmərəli istifadəsini təmin etmək idi. Azərbaycanın milli neft strategiyasının əsasını xarici sərmayənin və təcrübənin cəlb olunması, çoxvariantlı ixrac sisteminin yaradılması, ölkənin zəngin karbohidrogen ehtiyatlarının mənimsənilməsindən əldə olunan gəlirlərin effektiv, şəffaf idarə edilməsi və istifadə olunması təşkil edirdi. Məhz yeni milli neft strategiyasında nəzərdə tutulmuş əsas hədəflərə çatmaq məqsədilə ulu öndər Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təsis olunması vaxtında və uzaqgörənliklə atılmış inqilabi addım idi.

Ümumiyyətlə, ARDNF-nin mövcud olduğu 20 illik zaman kəsiyində keçdiyi yola, ölkə iqtisadiyyatının inkişafındakı roluna qiymət vermək, bu qurumun özünəməxsus keyfiyyət və xüsusiyyətləri barədə daha aydın təsəvvürə malik olmaq üçün ilk növbədə onun dünyada mövcud olan bu tipli digər suveren fondlarla müqayisəli və oxşar cəhətlərinə nəzər salmaq zərurəti meydana çıxır. Vurğulayaq ki, ARDNF-nin əsas gəlir mənbəyi neft və qazın satışından daxil olan vəsaitlərdən formalaşdığı üçün maliyyələşmə mənbəyi xammal olan suveren fond qrupuna daxildir. Dünya miqyasında mövcud olan digər bir sıra suveren fondlar kimi, ARDNF də fəaliyyət göstərdiyi 20 il ərzində özünün dayanıqlı büdcəsini formalaşdırıb və müxtəlif investisiya alətlərini özündə birləşdirən investisiya portfelinə malikdir. Eyni zamanda, bu gün artıq ARDNF-i dünyada mövcud olan bu tipli suveren fondlarla müqayisə etdikdə onun çoxməqsədli suveren fond olduğu nəzərə çarpır.

Əgər Dövlət Neft Fondu yaradılmasaydı...

Tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov mövzu ilə bağlı qəzetimizə açıqlamasında 20 il bundan əvvəl ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı bu Fondun fəaliyyətini neftdən əldə olunan vəsaitlərin bir hesabda toplanması, cəmiyyətin üzvləri arasında ədalətlə bölünməsi və gələcək nəsillər üçün qorunub saxlanması baxımından yüksək qiymətləndirdiyini söylədi: “Eyni zamanda, Dövlət Neft Fondunun yaradılması Azərbaycanda neft pullarından istifadədə bu sahədə dünya miqyasında ən mütərəqqi təcrübə hesab edilən Norveç modelinin tətbiqi baxımından da son dərəcə əhəmiyyətli addım idi və bu gün biz onun bəhrələrini görürük. Bilirsiniz ki, bizdən xeyli əvvəl təsis olunmuş Norveç Neft Fondu yarandığı andan etibarən neft vəsaitlərinin sterilizasiyasına nail olmağı qarşısına əsas məqsəd qoyub. Təqdirəlayiq haldır ki, ARDNF da mövcud olduğu 20 il ərzində praktiki olaraq vəsaitlərin müəyyən hissəsinin sterilizasiyasını həyata keçirməyə müvəffəq olub”.

Vüqar Bayramovun qənaətinə görə, ulu öndər Heydər Əliyev tərəfindən ARDNF-nin yaradılması ilə bağlı siyasi iradə nümayiş etdirilməsi neft satışından əldə edilən vəsaitlərin büdcədənkənar hesaba yığılması, xərcləmələrin optimallaşdırılması baxımından çox müdrik bir qərar idi: “Məhz bu müdrik qərar praktiki olaraq suveren fondların fəaliyyət prinsipinə uyğun olaraq Azərbaycanda neft gəlirlərinin xərclənməsinə məsul olan bir fondun formalaşmasına imkan verdi. Təbii ki, həmin ərəfədə ARDNF-nin yaradılması vəsaitlərin sterilizasiyası ilə yanaşı, eyni zamanda, neft pullarının büdcə xərcləri arasında itməməsi baxımından da vacib idi. Əgər Dövlət Neft Fondu yaradılmasaydı, o zaman vəsait birbaşa büdcəyə ödənilməli idi və təbii ki, bu pullar həmin maliyyə ilində də xərclənib qurtarardı. ARDNF-nin yaradılması vəsaitlərin hər hansı bir maliyyə ilində xərclənməsinin qarşısının alınmasına, eyni zamanda, inklüziv olaraq bu yığımın bir qisminin gələcək nəsillərə saxlanmasına etibarlı təminat verdi”.

Suveren fondlar siyasətində Azərbaycan modeli

Və yaxud ARDNF-nin vəsaitləri niyə ərimədi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə mövzunu qəzetimizə şərh edərkən Fondun fəaliyyətinin digər vacib məqamlarına toxundu. Bildirdi ki, ARDNF institusional cəhətdən yüksək səviyyədə formalaşmaqla beynəlxalq səviyyədə tanınan suveren fond statusunu uğurla daşıyır: “Azərbaycanın bu suveren fondu vəsaitlərin idarə edilməsi, fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşdürməyə qadir olan bir quruma çevrilib. Başqa ölkələrdəki analoji qurumlarla müqayisədə bizim Fondun fəaliyyətində diqqəti cəlb edən əsas məqam isə budur ki, ARDNF yaradılarkən bu suveren fondların təcrübəsinə istinad edilməklə yanaşı, yerli xüsusiyyətlər və mövcud ehtiyaclar da nəzərə alınıb, neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə bərabər, bugünkü nəsillərin problemlərinin həlli məqsədilə də istifadə edilməsini nəzərdə tutan bir model seçilib”.

Həmsöhbətimiz bildirdi ki, qonşu Xəzər hövzəsi ölkələri ilə müqayisənin timsalında onların heç birində Azərbaycan modelində belə bir suveren Fond olmadığı halda, bu maliyyə institutu respublikamızın sonrakı inkişaf mərhələsində böyük rol oynadı: “Qonşu ölkələrdə neft-qaz resurslarının hasilatından gələn mənfəət ya birbaşa büdcəyə daxil olurdu, ya xüsusi yerli bankda, yaxud da Maliyyə Nazirliyinin hesablarında saxlanılırdı. Ancaq ayrıca bir suveren fond şəklində Azərbaycanda yaradılmış bu maliyyə institutu onun həm şəffaflığında, həm də bu vəsaitlərin daha rasional idarə edilməsində özünün dolğunluğunu təcrübədə təsdiqlədi. Lakin bunu bir sıra beynəlxalq maliyyə institutları uzun müddət təqdir etmirdilər. Onlar sübut etməyə çalışırdılar ki, neftdən gələn gəlirlərin neft-qaz layihələrinə yönəldilməsi məqsədəuyğun deyil və bu, lazımi effekti verməyəcək. Biz belə bir problemlə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin maliyyələşdirilməsi zamanı qarşılaşdıq. Ancaq bir beşillikdən sonra gördük ki, oraya yatırılan investisiyalar özünü tam doğrultdu və Azərbaycan bundan böyük xeyir götürdü. Sonrakı mərhələlərdə Azərbaycanın Dövlət Neft Fondundan istər enerji sahəsində infrastruktur layihələrinin, yəni “Şahdəniz” yatağında respublikamızın dövlət payının, istərsə də Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ölkəmizin milli maraqlarının, onun regiondakı nüfuzunun artması, sonrakı mərhələdə əldə olunacaq gəlirlər və ondan gələcək nəsillərinə çatacaq töhfə Azərbaycan hökumətinin 20 il əvvəl atdığı düzgün addımın nəticəsidir.

Məhz ARDNF-nin bir maliyyə institutu olaraq iki dəfə qlobal böhran dövründə - 2008-ci ilin sonunda və 2015-ci ildə yaşanan hadisələrdə, yəni neftin qiymətinin kəskin ucuzlaşması zamanı ölkəmizin daxilində iqtisadiyyatın stabilləşməsində müstəsna rolunu müşahidə etdik. Bu iki hadisə Azərbaycanın suveren fondunun iqtisadiyyatdakı təhlükəsizlik yastığı kimi böyük əhəmiyyət daşıdığının göstəricisidir. Artıq bu gün ARDNF-nin yaradılmasının 20-ci ilində onun aktivlərinin 40 milyard dolları keçməsi bir daha bunu sübut etdi. Halbuki 2015-ci ilin böhranı zamanı bir sıra ekspertlər iddia edirdilər ki, ARDNF-nin vəsaitləri 2020-ci ilə çatmayacaq, əriyib gedəcək. Onlar bu iddianı başqa ölkələrdə yaşanan analoji duruma əsaslanaraq irəli sürürdülər. İndi isə ARDNF-nin 40 milyarddan çox aktivlərinin olduğunu açıqlayanda xatırlatmaq lazım gəlir ki, yeni neft strategiyasının timsalında əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün cənab Prezident İlham Əliyevin zamanın çağırışlarına uyğun olaraq uğurla davam etdirdiyi uzaqgörən siyasət Azərbaycanın gələcəyi üçün çox vacib bir amilə çevrilib”.

Dünyanın 100 ən nüfuzlu investoru siyahısında ilk onluqda

İlham Şaban diqqətə çatdırdı ki, yaradıldığı gündən şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir: “Məhz bunun sayəsində ARDNF institusional cəhətdən və şəffaflığın təmin edilməsi baxımından müasir standartlara cavab verən dünya səviyyəli maliyyə təşkilatına çevrilib və Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına xidmət edən bir çox nailiyyətlərə imza atıb. Təsadüfi deyil ki, ARDNF 2018-ci ildə dünyanın 100 ən nüfuzlu investoru siyahısında ilk onluqda yer alıb. Təbii ki, bu, çox yüksək göstəricidir. Bu, onu göstərir ki, sözügedən Fond son dərəcə düşünülmüş siyasət yeridir”.

Müsahibimizin sözlərinə görə, bu gün Azərbaycanın suveren fondu dünya miqyasında stabil, qorunan, yüksək sığortalanma mənbəyinə malik qurum kimi tanınır: “Bunu ARDNF-nin 2014-cü il hadisələrindən alnıaçıq, üzüağ çıxması bir daha sübut edir. Məhz 2014-cü ildə neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra dünya iqtisadiyyatında meydana çıxan kataklizmlər fonunda, əsasən də iqtisadiyyatı neftdən asılı olan ölkələrdə yaranmış böhranlı vəziyyətlə bağlı suveren fondların boşalması müşahidə olundu. Hətta o zaman Azərbaycanla bağlı belə proqnozlar səsləndirilirdi ki, guya Dövlət Neft Fondu ziyana düşəcək. Ancaq nəticə belə oldu ki, ARDNF nəinki öz vəsaitlərini qoruyub saxladı, hətta aktivlərinin artırılmasına belə nail oldu. Hazırda ARDNF-nin aktivlərinin 40 milyard dolları ötüb keçməsi Fondun öz siyasətini düzgün qurmasının məntiqi nəticəsidir”.

Yazı ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

http://ikisahil.com/paper/7365