oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun “təhlükəsizlik yastığı” funksiyası: - İlhamə Xanlarqızı

22 Jul 2019 15:35:00

Dövlət Neft Fondunun “təhlükəsizlik yastığı” funksiyası: - İlhamə Xanlarqızı

Ən mühüm missiyası xam neft-qazın satışından əldə edilən gəlirlərin gələcək nəsillər üçün qorunub saxlanması olan Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yarandığı gündən həm də ölkəmiz üçün “təhlükəsizlik yastığı” rolunu oynayır.

Yaddaşımızı təzələsək...

Bu “təhlükəsizlik yastığı”nın önəmini görmək üçün Fondun ötən 20 ildəki fəaliyyətinə nəzər salmaq kifayətdir, amma mövzumuza uyğun olaraq uzaq keşmişdə deyil, elə 2015-2016-cı illərdəki maliyyə böhranından Azərbaycanın necə çıxmasında, makroiqtisadi sabitliyin qorunmasında rolunu xatırlatmaq lazımdır. ARDNF bu dönəmdə həm vətəndaşlarımızın sosial rihafının qorunması, həm də makroiqtisadi sabitliyinin qarantı rolunda öz missiyasını uğurla icra etdi.

Yaddaşımızı təzələmək üçün qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu özünü suveren fond kimi səciyyələndirir. Suveren Sərvət Fondları isə maliyyə ehtiyatlarını istiqrazlar, əmlak, qiymətli metallar və ya digər maliyyə alətləri təşkil edən, təbii sərvətlərdən əldə edilən gəlir hesabına formalaşan dövlət maliyyə fondlarıdır.

Fondun rəsmi səhifəsində verilən məlumata görə, bir sı­ra dün­ya döv­lət­lə­rin­də ARDNF ilə ox­şar funksiyaları icra edən fondlar var. Məsələn, Norveçdə neft və qaz satışından əldə edilən yüksək gəlirlər Qlobal Dövlət Pensiya Fondunda toplanır. Norveç Qlobal Dövlət Pensiya Fondu suveren şəkildə işləyir və Avropada ən iri səhmdardır. Məsələn, bu fond “Facebook”un ən böyük səhmdarlarından biridir və onun idarəedilməsində xüsusi təsir imkanlarına malikdir. Mart ayının sonunda Fondun aktivlərinin ümumi dəyəri 1 trilyon dollardan çox olub. Müqayisə üçün qeyd edək ki, Sosial infrastrukturun qurulması və Azərbaycan üçün strateji əhəmiyyət daşıyan layihələrə yatırımlar edən ARDNF-nun aktivləri 31 mart 2019-cu il tarixinə 40 milyard 273,3 mln. ABŞ dolları təşkil edir.

Fərqli mo­del

ARDNF ya­ra­dı­lar­kən yer­li xü­su­siy­yət­lər və möv­cud eh­ti­yac­lar nə­zə­rə alınıb­ və neft gə­lir­lə­ri­nin gə­lə­cək nə­sil­lər üçün top­lan­ma­sı ilə bərabər, bu­gün­kü nə­sil­lə­rin prob­lem­lə­ri­nin həl­li üçün də is­ti­fa­də edil­mə­si­ni nə­zər­də tu­tan bir mo­del se­çilib.

29 dekabr 1999-cu ildə ulu öndər Heydər Əliyevin imzaladığı 240 nömrəli Fərmanla ilə təsis edilən Fond ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınır, vəsaitlərin idarə edilməsi, gəlirlərin sabit şəkildə qorunub saxlanılmasını təmin edir. Azərbaycanda daxili makroiqtisadi sabitliyin qorunmasında və dünyada ölkəmizin iqtisadi qüdrətini göstərən bir quruma çevrilib.

“2015-ci il dərsi”

Bu dövrü ARDNF-in “təhlükəsizlik yastığı açılmadan” necə keçirəcəkdik, sualına iqtisadçılar belə “çox çətin” deyə cavab verirlər. Çünki neft qiymətlərinin kəskin ucuzlaşması nəticəsində Azərbaycana daxil olan valyuta azaldı, dövlət isə qarşısına qoyduğu büdcə və layihə öhdəliklərini icra etməli idi. Bu halda Azərbaycan dövləti başqa ölkələrdən çox pis şərtlərlə borc götürməli idi. Üstəlik, valyuta qıtlığı milli valyutamız olan manata təzyiqi artırdı və onun iki dəfəyə yaxın devalvasiyaya uğramasına səbəb oldu. Azərbaycan Mərkəzi Bankı makroiqtisadi sabitliyin əsasını təşkil edən milli valyutanın dəyərsizləşməsinin qarşısını almaq məqsədilə valyuta ehtiyatlarını xərclədi və ehtiyatlar 15 milyard dollardan minimum həddə - 4,9 milyard dollara düşdü. Bu halda ARDNF-in “təhlükəsizlik yastığı” işlədi və Fond ənənəvi valyuta satışından əlavə Azərbaycan Mərkəzi Bankına makroiqtiadi sabitliyin qorunub saxlanması üçün pul ayırdı. ARDFN-nun büdcə məlumatlarına görə, makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi 7 milyard 500 milyon manat təşkil etdi, bu isə dollarla ifadədə təxminən 4 milyard yarım valyuta demək idi. Nəticədə ARDNF, Azərbaycanda makroiqtisadi sabitliyin düzəlməsində mühüm rol oynadı.

Suveren reytinqlərdə ARDNF faktoru

Azərbaycan iqtisadiyyatı və ümumiyyətlə ölkənin suveren reytinqi ilə bağlı beynəlxalq reytinq agentlikləri hər il proqnozlar açıqlayırlar və bu proqnozlar investorlar üçün mühüm təhlil mənbəyidir. Belə ki, proqnozlar pisləşərsə, investorlar həmin ölkəyə pul qoymaqdan çəkinirlər. “Fitch Ratings” və “Standard and Poor's”, Moody's agentlikləri verdikləri proqnozlarda və açıqlanan təhlillərdə ARDNF-i Azərbaycanda maliyyə və sosial təhlükəsizliyin qarantı hesab edirlər və buna görə də reytinqləri aşağı salmırlar. Beləliklə, Dövlət Neft Fondu ölkənin beynəlxalq reytinqinin qorunmasında mühüm və əvəzolunmaz rola malikdir. Eyni zamanda ARDNF mövcudluğuna görə Azərbaycana kreditlər verilir, investisiyalar gəlir, çünki problem yaranacağı təqdirdə Fondun təhlükəni aradan qaldırmaq imkanının olduğu nəzərə alınır.

Sosial sabitliyin qorunmasında rolu

Ölkədə fiskal və monetar siyasətin müəyyən edilməsində ARDNF-in böyük rolu var. Fond makroiqtisadi sabitliyi təmin etməklə onun ən mühüm rıçakı olan milli valyutanın ucuzlaşmasına imkan vermir.

Dövlətin büdcə öhdəliklərinin yerinə yetirilməsində Fond əsas maliyyə mənbələrindən birini təşkil edir. Təxmini hesablamalara görə, büdcənin 45-50 faizini Neft Fondundan büdcəyə transfertlər təşkil edir. Bu birbaşa köçürmələrin bir hissəsi isə dövlət büdcəsindən Sosial Müdafiə Fondunun büdcəsinə köçürülür, beləliklə, ARDNF ölkəmizdə sosial sabitliyin qorunmasında da dolayısı ilə paya malikdir.

Sosial infrastruktur layihələri

Həcmi, AZN ilə

Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması

2 241,3 MLN.

Oğuz-Qəbələ-Bakısukəmərilayihəsi

779,6 MLN.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması

1 421,4 MLN.

XaricdətəhsilüzrəDövlətProqramı

210,5 MLN.

Əhəmiyyətli layihələrdə “milli investor”

ARDNF həmçinin Azərbaycanda sosial infrastruktur layihələrini həyata keçirir. Ölkənin vacib ehtiyaclarını və strateji əhəmiyyət daşıyan layihələrin maliyyələşməsində iştirak edir. Əsas sosial infrastruktur layihələri üzrə xərclər aşağıdakılardır.

Azərbaycan üçün önəmli iqtisadi layihələrdən biri də “STAR” neft emalı kompleksinin tikintisidir. Ölkəmizə valyuta gətirəcək bu perspektivli layihənin həyata keçirilməsi üçün bir neçə donor ilə müzakirələr aparılsa da, sonda ən effektiv maliyyələşmə mənbəyi kimi Dövlət Neft Fondu öz vəsaitlərini təqdim etdi. Beləliklə, ARDNF layihənin payçısı kimi Azərbaycan Dövlət Neft Şirkətinin üzərinə düşən öhdəliyi maliyyələşdirmək üçün 1 663,3 milyon manat vəsait ayırdı və dövlətin daha yumşaq şərtlərlə daxili borclanmasına imkan yaratdı.

Sahibkarlığa “Böyük dayaq”!

ARDNF sadaladığımız bu birbaşa fəaliyyətləri və büdcəyə transfertləri ilə dolayısı yolla dövlət investisiyaları şəklində Azərbaycanda sahibkarlığı dəstəkləyir.

Bəzi ekspertlər isə ARDNF-in vəsaitlərinin birbaşa kredit şəklində iqtisadiyyata yönəldilməsini və ucuz maliyyə resurslarına çıxış üçün Azərbaycan banklarında depozit yerləşdirməsini təklif edirlər. Nəzərə alaq ki, depozit nümunəsi olaraq onsuz da Azərbaycan Beynəlxalq Bankında ARDNF-nun bir milyarda yaxın pulu var, amma əksər iqtisadçılar daxili maliyyə institutlarında bu vəsaitin yerləşdirilməsinin əleyhinədir. Əslində bu elə məntiqli yanaşmadır, çünki güzəştli şərtlərlə sahibkarlığı dəstəkləmək üçün ölkədə bir neçə dövlət təyinatlı fondlar mövcuddur.

ARDNF-in yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

http://ena.az/az/news/id-12133