AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Dünya Bankının illik iclasında iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti tərkibində Vaşinqtonda səfərdə olan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ABŞ-Azərbaycan Ticarət Palatasında brifinqlə çıxış etmişdir. Amerikanın işgüzar dairələrinin nümayəndələrinə Fondun tarixi, strukturu və həyata keçirdiyi əməliyyatlar barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə yaradılmış Dövlət Neft Fondunun vəzifəsi neft gəlirlərinin hazırkı və gələcək nəsillərin rifahına xərclənməsini, habelə makroiqtisadi sabitliyi təmin etmək, dövlət büdcəsinə əlavə gəlir mənbəyi kimi xidmət etmək və mövcud sosial problemlərin həllinə kömək göstərməkdir. Hazırda Fondun vəsaiti 2 milyard ABŞ dollarına bərabərdir və hesablamalar göstərir ki, neftin qiymətindən asılı olaraq, 2024-cü ilə qədər 100-200 milyard dollara çatacaqdır.
Ş.Mövsümov demişdir ki, indiyə qədər Fond parlament tərəfindən təsdiqlənən yalnız bir neçə layihəyə - Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Oğuz-Qəbələ-Bakı su kəməri və Samur-Abşeron suvarma sistemləri layihələrinə, Dövlət İnvestisiya Şirkətinin yaradılmasına və dövlət büdcəsinə köçürmələrə, qaçqın və məcburi köçkün düşən insanların sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına vəsait ayırmışdır.
Xüsusi vurğulanmışdır ki, neft gəlirlərinin şəffaf şəkildə idarə olunması Azərbaycan hökuməti üçün çox mühümdür. Fond fəaliyyəti barədə hər rübdə hesabat dərc etdirir və mütəmadi brifinqlər keçirir. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə də məhz Azərbaycan olmuşdur. Fond şəffaf fəaliyyətinə görə 2007-ci ildə BMT tərəfindən "Dövət qulluğu" mükafatına layiq görülmüşdür. Dövlət idarəçiliyi sahəsində belə mükafat MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycana verilmişdir.
Ş.Mövsümov ABŞ işgüzar dairələrinin nümayəndələrini maraqlandıran çoxsaylı suallara da cavab vermişdir.
24.10.2007. AzərTAc