AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 11-də BMT Baş Məclisinin 62-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən irəli sürülmüş "Sənaye sahələrində şəffaflığın artırılması" adlı qətnamə yekdilliklə qəbul edilmişdir.
Qətnamənin əsas məqsədi Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) BMT Baş Məclisi tərəfindən tanınmasından ibarət idi. Qətnaməyə 27 dövlət həmmüəllif kimi qoşulmuşdur.
Sənədi bütün həmmüəlliflər adından təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev layihənin məqsədi haqda məlumat vermiş və sənaye sahələrində, xüsusilə hasilatla məşğul olan sahələrdə şəffaflığın təmin edilməsində hökumətin, özəl sektorun və vətəndaş cəmiyyətinin mühüm rolunu vurğulamışdır. O, ölkə nümayəndəlikləri daxil olmaqla, BMT sistemini şəffaflığın artırılması istiqamətində hökumətlər tərəfindən göstərilən səyləri dəstəkləməyə çağırmışdır.
Sonra çıxış edən ABŞ nümayəndəsi MHŞT-yə qoşularaq onu həyata keçirməyə və qətnaməni irəli sürdüyünə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirmişdir.
Xatırladaq ki, qətnamənin ilkin layihəsi bu ilin fevral ayında Baş Məclisə təqdim edilmiş və həmin vaxtdan Azərbaycan nümayəndə heyəti tərəfindən ikitərəfli və çoxtərəfli formatda aparılmış danışıqların nəticəsi olaraq yekun mətn üzrə razılıq əldə edilmişdir.
Bu proses ərzində Azərbaycan Dövlət Neft Fondunun fəaliyyəti və MHŞT-nin həyata keçirilməsi sahəsində əldə etdiyimiz nailiyyətlər haqda geniş məlumat verilmişdir. Eyni zamanda, məsələ barədə həm BMT-nin üzvü olan dövlətləri, həm də BMT sistemində məlumatlandırma əhəmiyyətli dərəcədə artmış və Azərbaycan Hökumətinin səyləri müsbət qiymətləndirilmişdir.
12.09.2008 AzərTac