PREZİDENT İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Bakı, 29 dekabr (AzərTAc).Azərbaycan Respublikası Dövlət Neft Fondunun 10 illik yubileyi günündə - dekabrın 29-da Bakıda fondun yeni inzibati binasının təməlqoyma mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə yaradılan Dövlət Neft Fondu ötən müddətdə Azərbaycan iqtisadiyyatının inkişafında, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə əhəmiyyətli rol oynamışdır.
On il ərzində beynəlxalq səviyyədə tanınmış təşkilata çevrilmiş Dövlət Neft Fondunun yaradılması ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu milli neft strategiyasının ayrılmaz hissəsidir. Dövlət Neft Fondu milli strategiyaya uyğun olaraq ölkənin karbohidrogen yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən gəlirlərin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin qabaqcıl sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədi ilə yaradılmışdır.
Mərasim iştirakçıları - Dövlət Neft Fondunun kollektivi və inşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı binanın layihəsi və maketi ilə tanış oldu.
Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdi ki, hündürlüyü 117 metr (mayak ilə birgə 140 metr), ümumi sahəsi 13 min kvadratmetr (yeraltı avtodayanacaq ilə birgə 27 min kvadratmetr) olacaq 23 mərtəbəli binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyinin, 200 nəfərlik konfrans zalının, 150 avtomobil tutumu olan ikimərtəbəli avtodayanacağın tikilməsi nəzərdə tutulur. Yeddi liftin quraşdırılacağı binada səsdən müdafiəni və termal izoləni təmin edəcək ikifasadlı sistemdən istifadə olunacaqdır.
Layihədə yaşıllıqların salınması və alternativ enerjinin alınması üçün günəş batareyaları, günəş invertorları və s. texnologiyaların tətbiqi ilə "Yaşıl Bina" (Green Building) kateqoriyasının tələblərinə riayət edilməsi də nəzərdə tutulmuşdur. Bundan başqa, inteqrasiya olunmuş bina konsepsiyasına əsaslanan intellektual texnologiya infrastrukturun, bütün kommunikasiya və kommunal şəbəkələrin vahid mərkəzdən idarə edilməsinin avtomatlaşdırılmasını təmin edəcəkdir. Layihə A-kateqoriyalı ofis binası standartlarına uyğun olaraq həyata keçiriləcəkdir. Bu kateqoriyaya daxil olan binalar yüksək keyfiyyəti, xarici və daxili dizaynı ilə diqqəti çəkir və beynəlxalq standartlara cavab verir.
Fransanın "İnter Art Etudes" şirkətinin hazırladığı layihənin idarə edilməsi üzrə məsləhətçi ABŞ-ın "AECOM" şirkəti seçilmişdir.
Dövlətimizin başçısı gilizi bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunun düyməsini basdı.
Sonra Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:
-Əziz dostlar!
Hörmətli xanımlar və cənablar!
Bu gün Azərbaycanın müasir tarixində çox əlamətdar bir gündür. Bu gün Azərbaycan Dövlət Neft Fondunun yaranmasından on il keçir. Bu gözəl yubiley münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu, doğrudan da böyük hadisə idi. 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş qərar çox uzaqgörən və müdrik qərar idi. Hamımız yaxşı xatırlayırıq ki, 1999-cu ildə Azərbaycanın neftdən əldə olunan gəlirləri bizim iqtisadi və sosial məsələlərin tam şəkildə həllinə hələ ki, kömək edə bilmirdi. Çünki o rəqəmlər çox cüzi rəqəmlər idi. Amma buna baxmayaraq, məhz 1999-cu ildə bu qərarın qəbul edilməsi onu göstərirdi ki, Azərbaycan dövləti uzunmüddətli strategiyasını çox düzgün qurur, Azərbaycanın gələcək inkişafı, gələcək nəsillərin rahat, firavan yaşaması üçün bütün tədbirləri vaxtında görür.
On il ərzində Azərbaycan Dövlət Neft Fondu böyük və uğurlu yol keçmişdir. Mən yaxşı xatırlayıram ki, Fondun yaranmasından əvvəl bir qrup məsul şəxs xarici ölkələrə ezam edilmişdir və dünyada fəaliyyət göstərən buna bənzər neft fondlarının işi ilə tanış olmuşdur. Biz çalışmışdıq və ona nail olmuşduq ki, ən gözəl, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək, yaradılan fondun şəffaflığını təmin edək və onun idarə edilməsində ən qabaqcıl praktikadan istifadə edək. Bu gün isə böyük qürur hissi ilə deyə bilərik ki, artıq Azərbaycanın, Dövlət Neft Fondunun təcrübəsi dünya miqyasında öyrənilir və bu sahədə əldə edilmiş nailiyyətlər başqa ölkələr üçün örnək kimi göstərilir.
On il ərzində Dövlət Neft Fondu çox böyük işlər görməklə, Azərbaycanın sosial və iqtisadi məsələlərinin həlli üçün öz rolunu oynamışdır. İlk növbədə şəffaflıq təmin edilmişdir. Azərbaycan hasilat sənayelərində şəffaflıq təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olmuşdur və indi bu proqramın yeganə tamhüquqlu üzvüdür. Bu bizə imkan verdi ki, Azərbaycanda bütün başqa sahələrdə şəffaflığın təmin edilməsi üçün əməli tədbirlər görülsün. Beynəlxalq maliyyə qurumları ilə münasibətlərimiz daha səmərəli şəkildə qurulmuşdur. Şəffaflığın təmin edilməsi, eyni zamanda, əldə olunan gəlirlərin düzgün istiqamətdə sərf edilməsi işində də çox mühüm rol oynamışdır.
Şəffaflığın təmin edilməsi bizə bu gün də lazımdır. Qeyd etdiyim kimi, Azərbaycanın təcrübəsi bu gün dünya miqyasında öyrənilir. Azərbaycan xalqı bilir: nə qədər vəsait daxil edilir, nə qədər xərclənir, hansı yollarla xərclənir və biz bu imkanlardan hansı istiqamətlərdə istifadə edirik. Bu gün Azərbaycan Dövlət Neft Fondu qeyd etdiyim kimi, öz təcrübəsini həm bölgədə, həm də dünyada tətbiq edir. Əminəm ki, gələcək illərdə biz bu liderlik mövqeyimizi həmişə əlimizdə saxlayacağıq.
On il ərzində idarəedilmə istiqamətində, əldə olunan gəlirlərin idarə edilməsi ilə əlaqədar böyük işlər görüldü və fondun vəsaiti ildən-ilə artdı. Baxmayaraq ki, 1999-cu ildə gəlirlər, qeyd etdiyim kimi, o qədər böyük rəqəmlərlə ölçülmürdü, bu gün Dövlət Neft Fondunun imkanları daha da genişdir. Bu gün 15 milyard dollar vəsait toplanıb və bu vəsaitdən düzgün istifadə edilir.
Ən önəmlisi ondan ibarətdir ki, 2009-cu ildə bütün dünyanı bürümüş maliyyə böhranının istər-istəməz Azərbaycana da öz təsirini göstərməsinə baxmayaraq, bizim ehtiyatlarımız azalmadı, əksinə artdı. Bu gün, ümumiyyətlə, Azərbaycanın valyuta ehtiyatları 20 milyard dollardan çoxdur. Gələcək illərdə bu məbləğ daha da artacaqdır. Bu o deməkdir ki, fondun fəaliyyəti ölkəmiz üçün daha da önəmli olacaqdır.
Məbləğlər artdıqca əlbəttə ki, məsuliyyət də artır. Ancaq bu gün fondun əməkdaşları öz işlərini düzgün quraraq, Azərbaycanın milli maraqlarını tam şəkildə təmin edirlər və ölkəmizin iqtisadi potensialının gücləndirilməsində öz fəaliyyətləri ilə iştirak edirlər.
Bu illər ərzində Azərbaycan Dövlət Neft Fondunda yığılan vəsaitlər hesabına çoxlu məsələlər həll olundu. Hər il büdcəyə transfer edilir. Biz o vəsaitdən həm sosial məsələlərin həlli, həm də əsas infrastruktur layihələrinin həyata keçirilməsi üçün səmərəli şəkildə istifadə edirik. Onu da qeyd etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin qərarı ilə fonddan ayrılan ilk vəsait Azərbaycanda ən ağır şəraitdə yaşayan soydaşlarımızın - qaçqın, köçkün bacı-qardaşlarımızın problemlərinin həllinə yönəldilmişdir. Məhz fondun vəsaiti hesabına bu gün biz qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması proqramını uğurla icra edirik. Bütün çadır şəhərciklərini ləğv etmişik və onların yerinə müasir binalar, qəsəbələr salmışıq. Yəni bu böyük bir sosial yükü fond öz üzərinə götürmüşdür.
Bununla bərabər, ölkəmiz üçün ən vacib olan infrastruktur layihələri də fondun xətti ilə həyata keçirilir - Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron kanalının, Taxtakörpü su anbarının, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, xaricdə gənclərimizin oxuması üçün ayrılan vəsait. Yəni fondun xətti ilə aparılan işlər Azərbaycan dövlətinin prioritetlərini ifadə edir. Həm sosial məsələlərin həlli, həm ölkəmiz üçün lazım olan bütün infrastruktur layihələrinin həlli və həm də gələcəyimizi təmin edən savada, biliyə qoyulan xərclər.
Mən əminəm ki, fondun fəaliyyəti bundan sonrakı illərdə uğurlu olacaqdır. Çünki onillik təcrübə bunu deməyə əsas verir. Bir daha demək istəyirəm ki, ən başlıca vəzifə icra edildi. Azərbaycanda böyük vəsaitin idarə edilməsində şəffaflıq təmin edildi. Digər tərəfdən Azərbaycan xalqı bütün bu işlərdə fəal iştirak edir və əldə edilən gəlirlərin xərclənməsində hər bir Azərbaycan vətəndaşı öz rolunu oynayır. Çünki biz fonddan ayrılan xərclərdən ancaq Azərbaycanın dövlət büdcəsi təsdiq ediləndən sonra istifadə edə bilərik. Parlamentin, xalqın, dövlətin iştirakı. Bu onu göstərir ki, Azərbaycan Dövlət Neft Fondu ümummilli fonddur və Azərbaycanın bugünkü inkişafı və gələcək nəsillərin yaxşı yaşaması üçün bu fondun çox böyük əhəmiyyəti vardır.
Bu gün fondun yaranmasından on il keçir. Bu əlamətdar gündə fondun gələcək fəaliyyətini səmərəli təşkil etmək üçün yeni gözəl binanın təməl daşını qoyuruq. Əminəm ki, bu gözəl, müasir bina qısa müddət ərzində tikiləcək - həm şəhərimizə əlavə yaraşıq verəcək, həm də fondun işçiləri üçün Azərbaycan dövlətindən yaxşı bir hədiyyədir.
Mən bu gözəl yubiley münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Fondun əməkdaşlarına yeni uğurlar arzulayıram. Bütün Azərbaycan xalqına yeni ildə cansağlığı və firavanlıq arzulayıram. Sağ olun.
AzərTac
29 dekabr 2009-cu il