Bakı, 12 mart (AzərTAc, Samirə Quliyeva). Azərbaycan son 10 ildə digər ölkələrin etdiyi səhvlərdən, o cümlədən “Holland sindromu”ndan yan keçməyə müvəffəq olmuşdur.
AzərTAc xəbər verir ki, bu sözləri “2020-ci və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitindəki çıxışında Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov demişdir.
Ş.Mövsümov qeyd etmişdir ki, bu dövrdə “Holland sindromu”nun əlamətlərindən olan valyutanın dəyərinin sürətlə artması, ixracatın azalması kimi amillərdən yan keçə bildik. Dövlət Neft Fondu yığılan vəsaitlərlə ölkənin iqtisadi inkişafına və rəqabətliliyinə kömək edir. Ölkə iqtisadiyyatı şaxələnir. Neft sənayesi əvvəllər ümumi daxili məhsulun 60 faizini təşkil edirdisə, indi bu rəqəm 40 faizdir. Yol şəbəkəsinin artıq 80 faizi yenidən qurulmuşdur. Mühüm layihələr həyata keçirilir, yeni iş yerləri açılır. Bu da şaxələndirmənin daha da inkişaf etdirilməsinə töhfə verəcəkdir.
Azərbaycanda əlverişli biznes mühitinin olduğunu vurğulayan Ş.Mövsümov diqqətə çatdırmışdır ki, ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi məqsədilə mühüm islahatlar aparılır. Azərbaycanda daxili bazar kifayət qədər inkişaf etməkdədir. Lakin problemlər də vardır. Biz onların həlli üçün addımlar atırıq. Artıq Azərbaycan enerji ixrac edən ölkəyə çevrilmişdir.