Hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Çinin iqtisadiyyatı, eləcə də maliyyə bazarları yaxından izlənilir, müvafiq təhlillər aparılır, bazar konyukturu daha dərindən öyrənilir. Gələcəkdə digər maliyyə alətlərinin portfelə daxil edilməsi imkanı da mövcuddur. ARDNF-in Çin yuanında yatırılan istiqrazları hazırki bazar konyukturu da nəzərə alınmaqla, gəlirliliyin iki əsas komponentindən olan investisiyalardan əldə edilən pul axınları ilə yanaşı, qiymət fərqindən əldə edilən gəlirlilik nöqteyi nəzərdən də müsbət trend nümayiş etdirməkdədir.
Bu barədə AZƏRTAC-a Dövlət Neft Fondunun Çin yuanına istiqrazlarının hazırki vəziyyəti ilə bağlı ARDNF-dən edilən şərhdə məlumat verilib. Bildirilib ki, bu ilin iyul 1-dən ARDNF tərəfindən ilk dəfə Çin yuanında ifadə olunan adıçəkilən ölkənin suveren və dövlətə bağlı maliyyə təsisatlarının istiqrazlarına yatırımlar edilib. Bu investisiyalar Dövlət Neft Fondunun investisiya strategiyasının mahiyyətindən də irəli gəldiyi kimi uzunmüddətli xarakter daşıyır.
Qeyd edilib ki, 2012-ci ildən etibarən ARDNF-in maliyyə alətləri üzrə artıq sabit gəlirli qiymətli kağızlar, səhmlər, daşınmaz əmlak və qızıldan ibarət dörd sub-portfeli mövcuddur. Bu sub-portfellər daxilində yer alan hər bir investisiyanın gəlirliliyi ilk öncə aid olduğu maliyyə alətinin ümumi gəlirliliyi, daha sonra isə ümumi portfel kontekstində dəyərləndirilir. Nəzərə alsaq ki, ARDNF-in investisiya portfeli hər bir maliyyə aləti daxilində valyuta, ölkə, sektor, emitent və sair əsas komponentlər üzrə də kifayət qədər yüksək diversifikasiyaya malikdir. O zaman hər hansı bir spesifik investisiyanın gəlirliyinin və ya qısamüddətli qiymət dəyişkənliyinin ümumi portfelə təsiri də əhəmiyyətli dərəcədə deyil.
http://azertag.az/xeber/ARDNF_in_CHin_yuaninda_yatirdigi_istiqrazlar_musbet_trend_numayis_etdirir-895963