Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2011-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2011-ci il üçün büdcəsinə dəyişikliklər edildi.
Fərmana uyğun olaraq, cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını nəzərə alaraq, habelə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il üçün büdcə gəlirlərinin və xərclərinin dəqiqləşdirilməsini, eləcə də Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqınların və məcburi köçkünlərin sosial-məişət məsələləri və məskunlaşması ilə bağlı həyata keçirilən tədbirlərin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihələrinin vaxtında icrasını təmin etmək, Dövlət Neft Fondunun inzibati binasının tikintisini sürətləndirmək və beynəlxalq təşkilatlara üzvlük haqqı ilə bağlı ödənişlərin həyata keçirilməsi üçün Fondun 2011-ci il büdcə xərclərində müvafiq dəyişikliklər aparmaq məqsədi ilə, Neft Fondunun 2011-ci il büdcəsində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər ilə bağlı gəlir maddəsi 8 349 564,1 min manatdan 12 137 044,0 min manata qədər, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər ilə bağlı gəlir maddəsi 498,5 min manatdan 1 688,0 min manata qədər, Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərlə bağlı gəlir maddəsi 340 252,8 min manatdan 396 362,0 min manata qədər artırıldı, Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqlə bağlı gəlir maddəsi 283 249,2 min manatdan 101 666,0 min manata qədər, neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlərlə (BTC layihəsi üzrə) bağlı gəlir maddəsi 148 024,4 min manatdan 131 992,0 min manata qədər, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər isə 10 452,0 min manatdan 8 920,0 min manata qədər azaldıldı, neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslarla bağlı 17 600,0 min manat məbləğində gəlir maddəsi əlavə edildi.
Fərmana uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilən qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 110 000,0 min manatdan 140 000,0 manata qədər, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert ilə bağlı xərc maddəsi 6 480 000,0 min manatdan 9 203 200,0 min manata qədər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 110 000,0 min manatdan 200 000,0 min manata qədər, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 80 215,1 min manatdan 260 800,0 min manata qədər, Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər maddəsi 57 494,3 min manatdan 87 539,3 min manata qədər artırıldı.
Müvafiq olaraq Neft Fondunun 2011-ci il büdcəsinin gəlirlərinin ümumi həcmi 9 132 941,0 min manatdan 12 796 172,0 min manata qədər, xərcləri 6 886 155,4 min manatdan 9 939 985,3 min manata qədər artırıldı.