Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə dəyişikliklər edildi.
Fərmana uyğun olaraq 2016-cı il üçün büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Neft Fondunun 2016-cı il büdcəsində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 6 094 053,0 min manatdan 3 875 682,4 min manata qədər azaldıldı, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 2 100,0 min manatdan 3 402,0 min manata, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 12 600,0 min manatdan 19 278,0 min manata, valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 602 790,1 min manatdan 679 950,2 min manata, neft –qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonus gəlirləri 21,0 min manatdan 162,0 min manata qədər artırıldı və Fondun 2016-cı il üzrə büdcə gəlirlərinin ümumi həcmi 6 711 564,1 min manatdan 4 578 474,6 min manata qədər azaldılmışdır.
Neft Fondunun 2016-cı il üçün büdcə xərclərinin ümumi həcmi 8 181 399,7 min manatdan 10 668 933,7 min manata qədər artırılmışdır.
Fərmana əsasən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfertlərin həcmi 6 000 000,0 min manatdan 7 615 000,0 min manata, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 1 822 800, 0 min manatdan 2 355 318,0 min manata, Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərc maddəsi 24 420,0 min manatdan 32 660,0 min manata qədər artırılmış və Fondun 2016-cı il büdcəsinə Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı 331 776,0 min manat məbləğində xərc maddəsi əlavə edilmişdir.
Fərmana əsasən ARDNF-nin 2016-cı il üçün Fondun idarə edilməsi ilə bağlı xərclər smetasına da müvafiq dəyişikliklər edilmişdir.