ARDNF Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır.
ARDNF-nin fəaliyyətinə ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının başlıca vəzifəsi ARDNF-nin İcraçı direktoru tərəfindən hazırlanan illik büdcə layihəsinə və büdcənin icrası barədə hesabatlara, illik hesabatlara və maliyyə fəaliyyətinin auditinin nəticələrinə rəy verməkdir. Azərbaycan Respublikası (AR) Prezidentinin 9 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Müşahidə Şurasının 7 nəfərlik tərkibi təsdiq edilib.
ARDNF-yə AR Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir.
ARDNF-nin İcraçı direktoruna aşağıdakı səlahiyyətlər verilmişdir:
İcraçı direktor ARDNF-nin illik büdcəsini, Fondun vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün AR Prezidentinə təqdim edir.
İcraçı direktorun AR Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. İcraçı direktorun müavini İcraçı direktorun həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
ARDNF-nin büdcəsinin icrası Müşahidə Şurası tərəfindən verilmiş rəy əsasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş ARDNF-nin büdcəsinə, o cümlədən vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə (proqramına) və illik xərclər smetasına uyğun olaraq həyata keçirilir.
ARDNF-nin valyuta vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyəti ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a uyğun olaraq həyata keçirilir.