Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təcrübəçiləri unikal, hərtərəfli iş və təhsil təcrübəsi ilə təmin edir. Üç ay müddətində investisiya (ön ofis), risklərin idarə edilməsi (orta ofis) və hesablaşmalar departamentlərində (arxa ofis) staj keçdim. Digər təcrübəçilər ilə yanaşı, mənə bir sıra tapşırıqlar verilmişdi və qısa bir zaman ərzində biz onları sonunda departament rəhbərlərinə təqdim etməli idik. Məhdud zaman çərçivəsi iş təzyiqini artırdığına və insanın fikrini tam olaraq iş üzərində cəmləşdirməyə vadar etdiyinə görə, ümumilikdə, bu staj mənə güclü rəqabət hissi bəxş etdi və kifayət qədər maraqlı keçdi. Lakin, Fondun işçiləri olduqca mehriban və professionaldır, hər hansı bir sual və ya şübhəniz olduğu təqdirdə, siz təcrübəli əməkdaşlara müraciət edib, onların köməyindən bəhrələnə bilərsiz. Baxmayaraq ki, təcrübə müddətində pul qazanmadım, bu təcrübənin dəyəri mənim üçün qızıla bərabərdir. Digər əməkdaşlar ilə qarşılıqlı münasibət qurmaq və öz sahəsində mütəxəssislər ilə yanaşı işləməyin nə qədər vacib olduğunu anladım.
Ümümilikdə, bu staj mənə yaxşı bilik təcrübəsi və suveren bir sərvət fondunda çalışmaq duyğusunu bəxş etdi.
İlk öncə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun bütün əməkdaşlarına təşəkkürümü bildirmək istərdim. Təcrübə müddətində hər kəs rahat işləməyim üçün şərait yaratmış və iş atmosferi olduqca gözəl olmuşdur.
ARDNF-də təcrübə keçmək üçün müraciət etmək qərarına ilk dəfə mən Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alan zaman gəldim. 2010-cu ildə, ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən, Azərbaycandakı ABŞ təhsilli məzunlar üçün təşkil olunan “Təcrübə mübadiləsi” proqramına müraciət etdim. Xoşbəxtlikdən, ARDNF-də 4 ay müddətinə İnsan Resursları, Neft Kontraktları, Büdcə Proqnozlaşdırma və Layihələr departamentlərində təcrübə keçmək şansına malik oldum. Keçmişdə müxtəlif iş təcrübəsinə malik biri kimi tam əminlik ilə deyə bilərəm ki, dövlət sektorunda çalışmaq və yüksək iş bacarıqları əldə etmək istəyən hər kəsə ARDNF unikal imkan verir. Ümumiyyətlə, belə gənc kadrların olduğu mühitndə işləmək çox maraqlı olmuşdur. Təcrübə keçdiyim müddətdə çox biliklər əldə etdim, gündəlik kargüzarlıq işləri, e-poçt ilə xarici partnyorlar ilə əlaqə saxlamaq və "İnsan resursları"-nın idarə olunması sahəsində unikal təcrübə qazandım və bu sahədə bacarıqlarımı inkişaf etdirdim.
2012-ci ildə, SalzburqTətbiqi Elmlər Universitetində təhsil alan zaman, təhsil proqramı çərçivəsində, qazanılan biliyin praktikada istifadəsini təmin etmək məqsədi ilə, tələbələrdən qış və yay tətilləri zamanı təcrübə proqramlarında iştirak etmək tələb edilir. İlk təcrübəm zamanı aldığım təəssürat və uğurlu fəaliyyətinə görə ARDNF bu dəfə də mənim üçün təbii seçim idi. Yenidən staj üçün keçdiyim müsahibə zamanı, əsas məqsədim müxtəlif sahələrdə bilik və təcrübə əldə etməkdən ibarət idi. Sadəcə təcrübəçi olmağıma baxmayaraq, hər zaman Fondun əməkdaşları ilə eyni səviyyədə hörmət və qiymətləndirmə ilə üzləşmişəm.
Təcrübəm zamanı müxtəlif xasiyyətli insanların eyni məqsəd üçün güclü bir komanda kimi çalışdıqlarını görmək mənə xüsusi bir zövq bəxş etdi. Vəzifələr müxtəlif və bəzən yaxşı mənada mürəkkəbdir və mən ARDNF-da təcrübə keçməyi və işləməyi özünə inamlı bütün məzunlara məsləhət görürəm.
ARDNF-də qazandığım bütün dostlarım üçün darıxacam və mütləq əlaqəmizi davam etdirəcəm.
Azərbaycan Respublikası Dövlət Neft Fondunda 1 ay müddətində, Risklərin İdarə Edilməsi departamentində təcrübə keçmək şansı əldə etdim.
Bu müddət ərzində, şansımı maksimum dərəcədə dəyərləndirib təcrübə rəhbərlərimin faydalı biliklərindən yararlanmağa çalışdım. Bacardığım qədər mənə verilən tapşırıqları zamanında yerinə yetirib, onları uğurla təcrübə rəhbərimə təhvil verirdim. Risklərin İdarə Edilməsi departamentinin gülərüz və savadlı əməkdaşları mənimlə öz təcrübələrini bölüşür və məni öz bilikləri ilə dolğun şəkildə məlumatlandırırdılar.
Bununla yanaşı, bu staj müddətində kollektivlə işləmək bacarığını, verilən tapşırıqların zamanında və keyfiyyətli şəkildə sonlandırmağı və işə daha məshuliyyətlə yanaşmağı öyrəndim.
1 aylıq staj müddətimdə, heç bir yerdə əldə edə bilməyəcəyim dəyərli biliklərə sahib oldum. İnanıram ki, bu təcrübə proqramı gələcəkdə öz sahəmdə uğurlu mütəxəssis olacağıma və karyeramın güclü təməlinin qurulmasına çox yardımçı olacaq. Azərbaycan Dövlət Neft Fondunda təcrübə proqramı keçdiyim üçün özümü çox şanslı hiss edirəm.