Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin gəlirləri 8 361 016,3 min manat, xərcləri 5 319 534,9 min manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
№ | Gəlir mənbələri | Gəlirlərin məbləği (min manat) |
1. | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 7 992 300,0 |
2. | Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) | 150 784,0 |
3. | Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 5 600,0 |
4. | Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər | 211 432,3 |
5. | Digər gəlirlər və daxilolmalar | 900,0 |
Cəmi | 8 361 016,3 |
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
№ | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
1. | Qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 80 000,0 |
2. | Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinə transfert | 4 915 000,0 |
3. | Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi | 100 000,0 |
4. | Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 110,000,0 |
5. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 80 000,0 |
6. | 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi | 10 000,0 |
7. | Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 24 534,9 |
Cəmi | 5 319 534,9 |
4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 fevral 2009-cu il.