Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnaməyə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na uyğun olaraq və 2002-ci ilin sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 3 387 milyard manat təşkil etdiyini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2003-cü il büdcəsinin gəlirləri 1 219 516 mln. manat, xərcləri 1 217 755 mln. manat təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2003-cü il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra No-si | Gəlir mənbələri | Gəlirlərin məbləği (milyon manat) |
1. | Azərbaycan Respublikasının payına düşən xam neftin satışından əldə edilən gəlir (qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərti ilə) | 735 000,0 |
2. | Bonus ödənişləri | 326 873,0 |
3. | Akrhesabı ödənişlər | 46 975,0 |
4. | Xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı | 2 400,0 |
5. | Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir | 45 868,0 |
6. | Digər gəlirlər və daxilolmalar | 62 400,0 |
Cəmi | 1 219 516,0 |
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2003-cü il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Sıra No-si | Xərc istiqamətləri | Xərclərin məbləği (milyon manat) |
1. | Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında", 2001-ci il 07 sentyabr tarixli 577 nömrəli "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bu qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" və 2002-ci il 13 may tarixli 700 nömrəli "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında Fərmanlarının icrası ilə bağlı xərclər | 136 417,0 |
2. | Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyul tarixli 739 nömrəli Fərmanına əsasən Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər | 576 000,0 |
3. | Azərbaycan Respublikası 2003-cü il dövlət büdcəsinə transfert | 500 000,0 |
4. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 5 338,0 |
Cəmi | 1 217 755,0 |
4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 27 yanvar 2003-cü il № 848