Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədi vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində bu istiqamətdə bir sıra mühüm addımlar atılmışdır. İqtisadiyyatın bütün sahələrində, o cümlədən regionların inkişafı məqsədilə həyata keçirilən tədbirlər nəticəsində yüz minlərlə yeni iş yerləri açılmış, əmək haqları və əhalinin gəlirləri artmış, insanların yaşayış səviyyəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır.
Lakin, görülən işlərə baxmayaraq, hələlik ölkədə işsizlik problemini tam həll etmək mümkün olmamış və dünyanın çox ölkəsində olduğu kimi Azərbaycanda da əhalinin bir hissəsi yoxsul vəziyyətdə yaşayır. Məhz yoxsulluq probleminin dünyada geniş yayıldığını nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri"ndə 2015-ci ilədək yoxsulluğun səviyyəsinin yarıyadək azaldılmasını əsas məqsəd kimi müəyyən etmişdir. Azərbaycan Respublikası da bu təşəbbüsə qoşularaq qarşıdakı illərdə əhalinin əsas ehtiyaclarının daha dolğun ödənilməsi üçün zəruri tədbirlərin görülməsini nəzərdə tutur.
Ölkənin iqtisadi və sosial həyatında müşahidə olunan müsbət meylləri daha da möhkəmləndirmək, əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1."2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın hazırlanması üçün aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri:
Komissiyanın sədr müavini:
Komissiyanın üzvləri:
Dövlət Komitəsi sədrinin müavini
2.Dövlət Komissiyasına tapşırılsın ki, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının, elmi müəssisələrin, qeyri-hökumət təşkilatların və ictimai birliklərin nümayəndələrini və ekspertlərini cəlb edərək "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Dövlət Proqramının hazırlanması zamanı nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.
4.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5.Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 20 iyun 2005-ci il.