Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli Sərəncamı ilə yaradılmış Komissiya, Azərbaycanın mədən hasilatı sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında 2004-cü il noyabrın 24-də Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma uyğun olaraq, Azərbaycanın mədən hasilatı sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə hesabatların birbaşa olaraq audit şirkətinə təqdim olunması nəzərdə tutulur. MHŞT-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun təşkili və fəaliyyəti haqqında Razılaşmaya (Razılaşma) əsasən təsis edilmiş Çoxtərəfli Qrup həmin hesabatları tutuşduraraq təhlil edəcək audit şirkətini seçəcəkdir.
Memoranduma əsasən MHŞT üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi 2010-cu ili əhatə edən hеsаbatların auditinin dünyada tanınmış nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilməsini təmin etmək məqsədilə audit xidmətlərinin müsabiqə yolu ilə satın alınması üçün Razılaşma ilə təsdiq olunmuş Çoxtərəfli Qrupa təşkilati və maddi-texniki dəstək göstərən Azərbaycan Respublikası Dövlət Neft Fondu "Dövlət Satınalmaları haqqında " Azərbaycan Respublikası Qanununun V fəsli ilə müəyyən edilmiş üsulla təkliflər cəlb edir.
Bununla əlaqədar təkliflər vermək istəyən, Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan dünyada tanınmış nüfuzlu beynəlxalq auditor təşkilatları (bundan sonra "xidmət göstərənlər") öz təkliflərini Xidmət Təklifləri Sorğusunun (bundan sonra "XTS") tələblərinə əsasən 15 fevral 2011-ci il saat 11.00-dək Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.
Müsabiqə ilə bağlı əlavə məlumatları almaq üçün əlaqələndirici şəxslə 498-77-53 (daxili 129) nömrəli telefon və ya farid.farzaliyev@oilfund.az ünvanlı elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.
MHŞT-nin Azərbaycanda həyata keçirilməsi barədə məlumatlarla Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az İnternet ünvanında yerləşən saytında tanış olmaq mümkündür.