Dövlət Neft Fondu tərəfindən Portfel İdarəetmə və Mühasibat Sistemi proqram təminatının satın alınmasıməqsədilə elan edilmiş açıq tender müsabiqəsi nəticəsində “SimCorp Limited” şirkəti ilə müqavilə bağlanılmışdır
“Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 oktyabr tarixli, 519 nömrəli Fərmanına əsasən Fondun investisiya portfelinə yeni maliyyə alətlərinin əlavə edilməsi nəzərdə tutulmuş və müvafiq investisiyaların həyata keçirilməsinə başlanılmışdır.
Bununla əlaqədar olaraq müxtəlif maliyyə alətləri üzrə reallaşdırılan investisiyaların bütün mərhələlərində əməliyyatların daha təkmil şəkildə həyata keçirilməsi, eləcə də bu əməliyyatlarla bağlı proseslərin maksimal dərəcədə avtomatlaşdırılması məqsədi ilə 11 aprel 2014-cü il tarixində Portfel İdarəetmə və Mühasibat Sistemi proqram təminatının satın alınması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender elan edilmişdir.
Keçirilmiş tender prosesində qeyd olunan istiqamətdə dünyanın üç nüfuzlu şirkəti iştirak etmiş və təkliflərin qiymətləndirilməsi nəticəsində tenderin əsas şərtlər toplusunda qoyulmuş tələblərə uyğun olaraq müqayisədə daha zəngin funksionallığa malik və bunları nəzərə alaraq daha səmərəli təklif ilə çıxış edən Böyük Britaniyanın “SimCorp Limited” şirkəti qalib elan edilmişdir. 26 dekabr 2014-cü il tarixində “SimCorp Limited” şirkəti ilə sistemin tətbiq olunması və xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır.