oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

İnformasiya siyasəti

İnformasiya siyasəti

Azərbaycan Respublikası Dövlət Neft Fondunun

İcraçı direktorunun 13 mart 2017-ci il tarixli

3 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra "Fond") İnformasiya siyasəti (bundan sonra "İnformasiya siyasəti") "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq, Fondun tərəfdaşlar və ictimaiyyətlə informasiya dövriyyəsinə dair əlaqələrini düzgün və effektli şəkildə təşkil etmək, həmçinin, şəffaf dövlət təsisatı imicinin qorunması və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır. İnformasiya siyasəti Fondun məqsəd və vəzifələrinin icrası çərçivəsində həyata keçirdiyi əməliyyatlar və tədbirlərə dair tərəfdaşların və ictimaiyyətin informasiya tələbatının ödənilməsinin prinsip, məqsəd və vəzifələrini müəyyən edir.

1. Ümumi müddəalar

1.1. İnformasiya siyasəti Fondun informasiya təminatına yönəldilən uzlaşdırılmış hüquqi, təşkilati, iqtisadi və sosial tədbirlər kompleksidir.

1.2. İnformasiya siyasətinin məqsədi ictimaiyyətdə qazanılmış olan müsbət (şəffaf, peşəkar, müasir beynəlxalq standartlara cavab verən və s.) dövlət təsisatı nüfuzunun möhkəmləndirilməsi və qorunub-saxlanılmasıdır.

1.3. İnformasiya siyasətinin məqsədinə uyğun olaraq Fondun əsas vəzifələri aşağıdakılardır:

1.3.1. Fondun kommunikasiya işlərinin effektiv şəkildə və Fondun məqsədlərinə xidmət edəcək formada qurulmasının təmin edilməsi

1.3.2. Qanunvericiliklə və bu sənədlə açıqlanması nəzərdə tutulan bütün məlumatların vaxtlı-vaxtında, dəqiq və düzgün formada açıqlanmasının və ictimaiyyət üçün əlçatan olmasının təmin edilməsi.

1.4. İnformasiya siyasətinin əsas prinsipləri aşağıdakılardır:

1.4.1. Azərbaycan Respublikasının qanunlarının tələblərinə, məlumat azadlığını tənzimləyən müəyyən olunmuş norma və qaydalara ciddi əməl edilməsi;

1.4.2. Fondun maraqlarının qorunması;

1.4.3. İnformasiyanın ictimaiyyətə müntəzəm, kütləvi informasiya vasitələrinə və digər bütün tərəfdaşlara münasibətdə ədalət prinsipinin qorunması şərti ilə çatdırılması;

1.4.4. Açıqlanan informasiyanın dəqiqliyinin və reallığa uyğun olmasının təmin olunması;

1.4.5. Fondun sahibi olmadığı və Fonda daxil olan informasiyanın konfidensiallığının qorunması.

1.5. Fondun İctimaiyyətlə əlaqələr departamentinin fəaliyyətinin nəticələri informasiya siyasətinin səmərəliliyinin qiymətləndirilməsinin başlıca göstəricisidir.

1.6. İnformasiya siyasətinin hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyasının müddəaları, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında" Əsasnamə, Azərbaycan Respublikası Prezidentinin Fonda aid digər normativ aktları təşkil edir.

2. İnformasiya siyasətinin müəyyən edilməsi və onun aparılmasına rəhbərlik

2.1. Fondda informasiya siyasətinin müəyyən edilməsinə və onun aparılmasına ümumi rəhbərliyi Fondun İcraçı direktoru həyata keçirir.

2.2. Fondun rəhbərliyi tərəfindən müəyyən edilmiş informasiya siyasətinin işlənməsi, metodologiyası və aparılması üzrə məsul şəxs Fondun İctimaiyyətlə əlaqələr departamentinin direktoru - Mətbuat katibidir (bundan sonra Mətbuat katibi).

2.3. Fondun struktur bölmələrinin rəhbərləri Mətbuat katibinin sorğusuna əsasən informasiya siyasətinin həyata keçirilməsi üçün tələb olunan məlumatları Mətbuat katibinə təqdim etməlidirlər.

2.4. Fondun struktur bölmələrinin rəhbərləri əməkdaşlıq etdikləri yerli və ya beynəlxalq tərəfdaşlar tərəfindən daxil olan cari əməkdaşlıqla bağlı sorğulara bu siyasətə uyğun olaraq cavab vermək hüququna malikdirlər. Bu halda bölmə rəhbərləri verdikləri informasiyanın Azərbaycan Respublikasının qanunlarına və Fonddaxili sənədlərin tələblərinə uyğunluğuna dair cavabdehlik daşıyırlar.

3. İnformasiya siyasətinin tələbləri

3.1. Fond Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və öz Əsasnaməsinə uyğun olaraq ictimaiyyətə açıq hesab etdiyi və öz fəaliyyətində şəffaflığı təmin etmək naminə yaydığı sənədləri və digər informasiyanı hər bir maraqlı tərəfin əldə etməsini təmin etməlidir.

3.2. Fond ictimaiyyəti öz fəaliyyətinə dair aşağıdakı informasiyalarla təmin etməlidir:

3.2.1. Fondun büdcə gəlir və xərcləri barədə rüblük hesabatlar;

3.2.2. Fondun fəaliyyətinə dair illik hesabatlar;

3.2.3. Fondun konsolidasiya edilmiş maliyyə hesabatlarına dair müstəqil audit hesabatları;

3.2.4. Fondun Müşahidə Şurasının qərarlarına dair məlumatlar;

3.2.5. Fondun təşkilati strukturu haqqında məlumatlar;

3.2.6. Fondun rəhbərliyi haqqında məlumatlar;

3.2.7. Fondun büdcəsinə dair məlumatlar;

3.2.8. Fondun aldığı qrantlar, onların şərtləri və istifadəsi haqqında məlumatlar;

3.2.9. Fondun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar haqqında məlumatlar;

3.2.10. Fondun maliyyələşdirdiyi layihələrə dair ümumi məlumatlar;

3.2.11. Fondun investisiya portfeli ilə bağlı konfidensial olmayan məlumatlar;

3.2.12. Fondun rəhbərliyinin xarici işgüzar səfərləri və görüşləri barədə məlumatlar;

3.2.13. Fondda vakant vəzifələrlə bağlı elanlar;

3.2.14. Fondla əlaqə yarada bilmək üçün mümkün olan bütün kommunikasiya vasitələri haqqında məlumatlar.

3.3. Fond maliyyə fəaliyyəti barədə məlumatları rüblük və illik əsaslarda açıqlamalıdır.

3.4. Fond, haqqında kütləvi informasiya vasitələrinin yaydığı yanlış informasiyaları təkzib etmək hüququna malikdir və bu barədə lazımi hallarda kütləvi informasiya vasitələrində təkzib verilməsinə nail olmalıdır.

3.5. Fond Azərbaycan Respublikasının qanunvericiliyi ilə açıqlanması tələb edilməyən informasiyaları öz mülahizəsinə uyğun olaraq açıqlayır.

3.6. Fondun struktur bölmələrinin rəhbərləri Mətbuat katibinə konfidensiallığı qorunmalı olan informasiyalar haqqında məlumat verməlidirlər.

3.7. Fond bu sənədin 3.2.-ci maddəsində təsnif edilmiş informasiyaları rəsmi internet səhifəsində yerləşdirməli, Azərbaycan Respublikasının mövcud qanunvericilik aktlarının tələb etdiyi qaydada açıqlamalı, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdəki rəsmi səhifələrində yaymalıdır.

3.8. Fond əməkdaşlıq etdiyi yerli və beynəlxalq qurumlarla informasiya mübadiləsini bu sənədlə müəyyən olunmuş qaydalar çərçivəsində həyata keçirir.

4. İnformasiya siyasətinin təminatı

4.1. İnformasiya siyasətinin həyata keçirilməsinin analitik təminatını, Fondun sahibi olduğu informasiyanın toplanmasının, işlənməsinin və təhlilinin daim təkmilləşdirilməsini, kütləvi informasiya vasitələri ilə işin vəziyyətinin hərtərəfli qiymətləndirilməsini Fondun Mətbuat katibi həyata keçirir.

4.2. Fond haqqında məlumatların yığılmasının, işlənməsinin və yayılmasının əsas vasitələri sənədləşdirilmiş reyestr və ixtisaslaşdırılmış informasiya sistemləridir. Fondun informasiya xidmətlərində müasir texniki vasitələr tətbiq edilir.

4.3. İnformasiya siyasətinin maddi-texniki və maliyyə təminatı Azərbaycan Respublikasının Dövlət Neft Fondunun büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

4.4. Fond informasiyanı aşağıdakı vasitələrlə çatdırır:

4.4.1. rəsmi internet səhifəsi;

4.4.2. elektron poçt;

4.4.3. Fondun sosial şəbəkələrdəki səhifələri;

4.4.4. yazılı məktub.