oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

08 May 2013 13:38:55

Dövlət Neft Fondunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

08 May 2013 13:38:55

2013-cü il mayın 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Fondun əməkdaşları ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan Fondun İcraçı direktoru Şahmar Mövsümov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Neft Strategiyası, Heydər Əliyevin əvəzolunmaz səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin ölkəmiz üçün əhəmiyyəti, ölkədə aparılan mühüm sosial-iqtisadi islahatlardan bəhs etmiş, neft strategiyasının tərkib hissəsi olan Dövlət Neft Fondunun yaradılmasının da məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu diqqətə çatdırmışdır.

Ş.Mövsümov bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkə hərbi təcavüz, daxili çəkişmələr və iqtisadi çətinliklər ilə üzləşmişdir. Lakin ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa müddət ərzində sabitlik bərpa olundu və ölkənin iqtisadi imkanlarının səfərbər olunması, dövlətin malik olduğu təbii sərvətlərinin istismarına xarici investisiyaların cəlb edilməsi məqsədi ilə cəsarətli siyasi addımlar atıldı. İcraçı direktor qeyd etmişdir ki, bu baxımdan "Əsrin müqaviləsi" xüsusi yer tutur. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı. Neft strategiyasından bəhs edərkən Ş. Mövsümov bildirmişdir ki, “bu strategiyanın mühüm tərkib hissələrindən birini xarici şirkətlər ilə birlikdə hasil olunan neftin və qazın iri həcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil etmişdir. Bu baxımdan Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərlərinin yenidən qurulmasını, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərlərinin tikilməsini xüsusi vurğulamaq olar. Milli Neft Strategiyasının uğurla reallaşması nəticəsində ölkənin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən ilə genişlənmiş və bunun sayəsində dövlətimizin valyuta daxilolmaları sürətlə artmağa başlamışdır. Bununla əlaqədar neft strategiyasının məntiqi davamı olaraq Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədi ilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu.”

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyası Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolu barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Tədbirin digər iştirakçısı Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, Əməkdar İncəsənət xadimi, görkəmli rejissor Vaqif Mustafayev Heydər Əliyev dühasından bəhs edən filmləri haqqında məlumat vermişdir. Sonda rejissorun ulu öndərə həsr etdiyi yeni “Ata yolu” filmi ilk dəfə tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Xəbərlərə abunə ol