26 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun təşkilatçılığı ilə Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmasının 10 illiyinə həsr olunmuş “Azərbaycan MHŞT daxilində 10 il. Tarixdən yeni pilləyə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransın təşkilində məqsədson dövrlərdə MHŞT ətrafında baş verən qlobal dəyişikliklər və müzakirələri gündəmə çıxarmaq, yeni MHŞT Standartına keçidlə bağlı çətinlik və perspektivləri, 10 il ərzində Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi uğurları müzakirə etmək və MHŞT-nin daha geniş inkişafına təkan vermək, Azərbaycanın MHŞT sahəsində təcrübəsini digər ölkələrlə bölüşməkdən ibarətdir.
Beynəlxalq konfrans“MHŞT və Azərbaycan”, “Sidneydən sonra: Yeni MHŞT Standartı”, “MHŞT-nin tətbiqində donor ölkələrin və beynəlxalq qurumların rolu”, “Təşəbbüsün tətbiqinə dair digər ölkələrin təcrübəsi” sessiyalarını əhatə etmişdir.
Konfrans zamanı iştirakçılara Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində təcrübəsi və əldə etdiyi uğurları barədə geniş məlumat verilmişdir. Azərbaycan bu prosesə 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qoşulmuşdur. 10 il ərzində Azərbaycan MHŞT-nin tətbiqi sahəsində çox böyük uğurlar əldə etmiş, bir çox ilklərə imza atmışdır. 2005-ci ildə MHŞT üzrə ilk hesabatını dərc edən Azərbaycan bugünədək 17 hesabat açıqlamaqla MHŞT-ni tətbiq edən ölkələr arasında ən çox hesabat dərc edən ölkədir.
Konfransda Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu nəzərə alınaraq MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusunun təsdiq edilməsi və bütün bu uğurların nəticəsində “2009-cu il MHŞT mükafatı”nın məhz Azərbaycana təqdim edilməsi də xüsusi vurğulanmışdır.
Azərbaycanın hər iki ildən bir seçilən MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvləri sırasına daxil edilməsi ölkənin MHŞT-nin tətbiqində aparıcı rolunu sübut edir.
Konfrans zamanı Sidneydə keçirilmiş MHŞT üzrə 6-cı Qlobal Konfransda qəbul edilmiş MHŞT üzrə yeni Standart və onun tətbiqi ilə bağlı məsələ də müzakirə edilmişdir. Bu Standart bütün üzv ölkələrdə MHŞT prosesinin tətbiqini tənzimləyən əsas sənəd rolunu oynayır və öncəki illərdə qəbul edilmiş tənzimləyici sənədləri əvəz edir.
MHŞT hesabatlılığının keyfiyyətinin yüksəldilməsinə, şirkətlər tərəfindən fərdi hesabatların açıqlanmasına nail olmaqla mineral ehtiyatlardan daxil olan gəlirlərin şəffaflığının daha da artırılmasına, Qiymətləndirmə prosesində mühüm dəyişikliklərə, prosesin səmərəliliyinin və keyfiyyətinin qaldırılmasına və MHŞT sahəsində digər irəliləyişlərin həyata keçirilməsinə xidmət edəcək bu Standartın Azərbaycanda tətbiqi bu sahəyə yeni nəfəs gətirəcəkdir. Azərbaycanda yeni MHŞT Standartının tətbiqi ölkəyə bu sahədə daha fəal olmağa, şəffaflıq sahəsində yüksək səmərəlilik əldə etməyə, insanlara daha etibarlı, düzgün və lazımlı informasiyanın çatdırılmasına, prosesin tətbiqi ilə bağlı daha genişmiqyaslı islahatlar üçün zəmin yaradılmasına yardım edəcəkdir.
Konfransda Azərbaycan Respublikasının hökumət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri, beynəlxalq təşkilatların, neft-qaz hasilatı sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil xarici ekspertlər iştirak etmişdir.