oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondu Tokioda daşınmaz əmlak almışdır

23 Sep 2015 13:35:26

Neft Fondu Tokioda daşınmaz əmlak almışdır

23 Sep 2015 13:35:26

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən və dəyəri 52,3 milyard yapon yeni təşkil edən Kirarito Ginza ticarət obyektini satın almışdır. Bu əmlak “GK John” törəmə şirkətindən alınmışdır və ARDNF-nin Yaponiyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Binanın idarə edilməsi “Mitsubishi UFJ Trust and Banking Corporation” şirkəti tərəfindən həyata keçirilir.

Kirarito Ginza ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılmışdır və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kvadrat metr təşkil edir və 47 şirkət tərəfindən icarəyə götürülmüşdür.

ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov Yaponiya daşınmaz əmlak investisiyası ilə bağlı bildirmişdir: “Biz Fondun Yaponiya daşınmaz əmlak bazarına ilk investisiya yatırımından çox məmnunuq. Bu daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd, onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır”.

Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarəedilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılmışdır. 01 iyul 2015-ci il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 35 milyard ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilmişdir. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.

Xəbərlərə abunə ol