19-20 noyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) KİV nümayəndələri üçün “Azərbaycan Respublikası Dövlət Neft Fondu: Vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar”adlı seminar keçiriləcəkdir. Seminarın keçirilməsində məqsəd şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlərə görə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən ARDNF-nin büdcəsi və investisiya fəaliyyəti haqqında KİV nümayəndələrinin daha geniş informasiyaya malik olmalarını təmin etmək, investisiya portfelinin diversifikasiyası və investisiya strategiyasının tətbiqi sahəsində daha ətraflı məlumatlandırma, Fond barədə daha düzgün və peşəkar məlumatların yayılmasına nail olmaq, Fondun ictimaiyyətlə əlaqələrinin inkişafına dair iştirakçıların təkliflərinin öyrənilməsi və ictimaiyyətin Fond barədə dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə əməkdaşlığa nail olmaqdan ibarətdir.
Seminar aşağıdakı mövzuları əhatə edəcəkdir:
· Suveren Fondlar –ARDNF-nin timsalında;
· Büdcə proqnozlaşdırılması və layihələr;
· İnvestisiyalar və investisiya prosesi;
· İnvestisiya portfelinin qurulması və investisiya strategiyasının həyata keçirilməsi;
· İnvestisiyalardan sonrakı proseslər;
· Şəffaflıq və Santiaqo Prinsipləri.
Seminarda iştirak etmək istəyən (əsasən maliyyə və iqtisadiyyat sahələri üzrə ixtisaslaşan) KİV nümayəndələri aşağıdakı sənəd və məlumatları 2015-ci il noyabrın 16-dək pr@oilfund.az poçt ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər. İştirakçı sayı məhduddur (40 nəfər).
Tələb olunan sənəd və məlumatlar:
· Mətbuat orqanı tərəfindən seminarda iştirak edəcək əməkdaşları göstərməklə rəsmi yazılı müraciət;
· Mətbuat orqanı tərəfindən verilmiş vəsiqənin surəti;
· KİV nümayəndəsi ilə əlaqə saxlamaq üçün əlaqə nömrəsi, elektron poçt ünvanı.
Seminara dair ətraflı məlumatı Fondun internet səhifəsindəki "Mətbuat guşəsi" bölümündə yerləşdirilənSeminaraltbölməsinə daxil olmaqla və ya 4987753 (1820/21/24) nömrələrinə zəng etməklə əldə etmək mümkündür.
Qeyd: Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.